YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda keçirilən birinci Avropa Oyunları xalqımız üçün qürurverici hadisədir

Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev ilə görüşüb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, ölkəmizin Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Mübariz Qurbanlı ölkəmizin bu mötəbər yarışla gücünü dünyaya bir daha göstərdiyini bildirib. İdmana diqqət və qayğının dövlət siyasəti olduğunu deyən Komitə sədri Prezident İlham Əliyevin idmanın maddi-texniki bazasının gücləndirilməsi, eləcə də idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunması, istedadlı idmançıların potensial imkanlarının inkişafı üçün daim geniş imkanlar yaratdığını vurğulayıb.

Mübariz Qurbanlı qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.

Dövlət Komitəsinin sədri İlham Zəkiyevə Prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə çapdan çıxan “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş “Qurani-Kərim” onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti Paralimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.