YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər yeni müstəviyə qədəm qoyub

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmizin Slovakiya ilə münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar səfəri böyük rol oynayıb. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mayın 7-də Azərbaycana rəsmi səfəri ilə ölkələrimiz arasında münasibətlər yeni müstəviyə qədəm qoyacaq. Səfər zamanı imzalanan sənədlər də bunun üçün hüquqi əsas yayardır.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Ölkə başçısı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin çox ciddi siyasi sənəd olduğunu və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıracağını vurğuladı. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkənin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Səfər zamanı bir çox sahələr üzrə aparılacaq işlərədə önəmli razılıq əldə olunub ki, bu da ölkələrimizin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir. Slovakiya və Azərbaycan arasında imzalanan sənədlərdən biri də müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərdir. Ölkələrimiz arasında bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmış və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verilmişdir.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Bəyanatında Prezident İlham Əliyev bildirdi ki,  Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.

Slovakiya və Azərbaycan əməkdaşlığının bir əlamətdar istiqaməti isə azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki ölkələrimizin əlaqələrinin səmimiliyini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Bundan əlavə, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

DİGƏR Xəbərlər Arxiv