YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                                               İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
                                                                                                                                                                                                                               (Protokol №3, 10.09.2021-ci il)

 

Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (bundan sonra - Gənclər Birliyi) Partiyanın strukturuna daxil olan və bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən məşvərətçi kollegial qurumdur.

1.2. Gənclər Birliyi qanunvericilik, Yeni Azərbaycan Partiyasının (bundan sonra - YAP) Nizamnaməsi, orqanlarının qərarları və bu Əsasnamə əsasında fəaliyyət göstərir.

1.3. Gənclər Birliyi öz fəaliyyətini qanunçuluq, şəffaflıq və kollegiallıq prinsipləri əsasında qurur.

1.4. Gənclər Birliyi öz fəaliyyətini YAP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.

 

2. Gənclər Birliyinin fəaliyyət istiqamətləri

2.1. Gənclər Birliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. YAP-ın gənclər siyasətinin təşkili sahəsində YAP-ın verdiyi tapşırıq və tövsiyələri icra etmək;

2.1.2. Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqini həyata keçirmək;

2.1.3. azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən digər yüksək milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən məsələlərdə maariflərndirmə üzrə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.4. YAP-a gənc üzvlərin qoşulması üçün icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.5. YAP-ın gənc üzvlərinin səmərəli fəaliyyətini təmin edəcək layihə və tədbirlər barədə təklif vermək;

2.1.6. gənclərlə ideoloji və siyasi maariflərndirmə işinin qurulması sahəsində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.7. gənclərin Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçiliyinin möhkəmlənməsində rolunun artırılması, dövlət idarəçiliyi işində, seçkili orqanlarda təmsilçiliyinin genişləndirilməsi istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.8. ölkənin digər siyasi partiyalarında təmsil olunan gənclərlə siyasi dialoqun təşkili istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.9. YAP-ın beynəlxalq və xarici əməkdaşlıq sahəsində fəaliyyətini təşkil etmək məqsədi ilə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.10. şəhid ailələrinin və qazilərin cəmiyyətdə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.11. YAP-ın fəaliyyətinin təşkilində müasir tələblərə cavab verən yanaşmalardan, texnoloji həllərdən və dövrün çağırışlarına uyğun olan alətlərdən istifadəni təmin edəcək layihə və tədbirlər barədə təklif vermək;

2.1.12. Gənclər Birliyinin qəbul etdiyi qərarlarla bağlı izah vermək; 

2.1.13. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.1.14. YAP-ın orqanlarına (qurumlarına), həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək;

2.1.15. Gənclər Birliyinin fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

2.1.16. fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq;

2.1.17. Gənclər Birliyinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

2.1.18. YAP tərəfindən müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

2.2. Gənclər Birliyi fəaliyyətini YAP-ın Mərkəzi Aparatı vasitəsi ilə həyata keçirir.

 

3. Gənclər Birliyinin fəaliyyətinin təşkili

3.1. Gənclər Birliyinin say tərkibi YAP-ın İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.

3.2. Gənclər Birliyinin üzvləri, həmçinin sədri və sədr müavinləri YAP Sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. 

3.3. Gənclər Birliyi üzvünün vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda, o Gənclər Birliyinin üzvlüyündən çıxarılmış hesab olunur.

3.4. Gənclər Birliyi YAP-ın Mərkəzi Aparatının rəhbərinə tabedir. 

3.5. Gənclər Birliyinin fəaliyyətinə sədr rəhbərlik edir. Sədrin iki müavini vardır.

3.6. Gənclər Birliyinin sədri:

3.6.1. Gənclər Birliyinin işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

3.6.2. Gənclər Birliyini təmsil edir;

3.6.3. Gənclər Birliyinin iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır  və keçirilən iclaslarda sədrlik edir;

3.6.4. Gənclər Birliyinin səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Gənclər Birliyinin iclaslarına çıxarır;

3.6.5. öz təşəbbüsü ilə, habelə Gənclər Birliyinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri Gənclər Birliyinin iclasında iştirak etməyə dəvət edir;

3.6.6. Gənclər Birliyinin adından çıxarılan qərarları, məktubları və Gənclər Birliyinin fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır; 

3.6.7. Gənclər Birliyinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

3.7. Gənclər Birliyinin sədr müavinləri bu Əsasnamənin 3.8-ci bəndində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirməklə yanaşı, Gənclər Birliyinin sədri olmadıqda onu əvəz edirlər.

3.8. Gənclər Birliyinin üzvləri:

3.8.1. Gənclər Birliyinin iclaslarında və digər fəaliyyətində iştirak edirlər;

3.8.2. Gənclər Birliyinin səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər verirlər;

3.8.3. Gənclər Birliyinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

3.8.4. Gənclər Birliyinin iclasında baxılan məsələlər ilə əlaqədar münasibət bildirirlər, rəy və təkliflər verirlər;

3.8.5. Gənclər Birliyinin səlahiyyətlərinə aid məsələlərə Gənclər Birliyinin iclasında baxılması üçün təkliflər verirlər; 

3.8.6. Gənclər Birliyinin iclasında baxılan məsələlər ilə əlaqədar qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak edirlər;

3.8.7. Gənclər Birliyinin qəbul etdiyi qərarla razılaşmadıqda bu barədə özlərinin əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim edirlər;

3.8.8. Gənclər Birliyinin protokolları, qərarları və digər sənədləri ilə tanış olurlar, protokola daxil edilməli qeydlər təklif edirlər;

3.8.9. icra intizamına ciddi əməl edirlər.

3.9. Gənclər Birliyinin cari fəaliyyətinin təşkili katib tərəfindən həyata keçirilir. Katibin funksiyasını yerinə yetirəcək şəxs YAP-ın Mərkəzi Aparatının rəhbəri tərəfindən müəyyən olunur.

3.10. Katib:

3.10.1. Gənclər Birliyinə daxil olan sənədlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir, o cümlədən baxmaq üçün onları Gənclər Birliyinin üzvlərinə göndərir;

3.10.2. Gənclər Birliyinin üzvlərinə və Birliyin iclasına dəvət olunan digər şəxslərə Gənclər Birliyinin iclasının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı üç iş günü (növbədənkənar iclas zamanı isə azı bir iş günü) qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verir;

3.10.3. Gənclər Birliyinin iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Gənclər Birliyinin sədrinə təqdim edir; 

3.10.4. Gənclər Birliyinin qərarlarının (məktublarının, digər sənədlərinin) layihələrini hazırlayır, baxılması və imzalanması üçün Gənclər Birliyinin sədrinə təqdim edir;

3.10.5. Gənclər Birliyinin qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə təqdim olunmasını təmin edir;

3.10.6. Gənclər Birliyinin protokollarının və qərarlarının əsillərini saxlayır.

 

4. Gənclər Birliyinin iclasının keçirilməsi qaydası

4.1. Gənclər Birliyinin iclasları Gənclər Birliyinin müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir.

4.2. Gənclər Birliyinin növbədənkənar iclasları YAP Sədrinin qərarı, İdarə Heyəti və ya Gənclər Birliyi üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.  

4.3. Gənclər Birliyinin iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Səsvermə forması (açıq və ya gizli səsvermə) Gənclər Birliyi tərəfindən müəyyən edilir.

4.4. Gənclər Birliyinin iclaslarını Birliyin sədri və ya onun göstərişi ilə sədr müavinlərindən biri aparır. Gənclər Birliyinin sədri və onu əvəz edən sədr müavini üzürlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) iclasda iştirak edə bilmədikdə, Gənclər Birliyi sədrinin səlahiyyətlərini sədrin digər müavini həyata keçirir. 

4.5. Gündəliyə daxil edilmiş məsələlər barədə Gənclər Birliyinin sədri, sədr müavinlərindən biri və ya katib məruzə edir.

4.6. İclasa dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

4.7. Qərarlar iclasda iştirak edən Gənclər Birliyi üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır.

4.8. Gənclər Birliyinin iclasının nəticəsi Gənclər Birliyinin sədri və katib tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

4.9. Gənclər Birliyinin iclas protokolunda aşağıdakılar göstərilməlidir:

4.9.1. iclasın keçirildiyi tarix və yer;

4.9.2. iclasa sədrlik edən və iştirak edən Gənclər Birliyi üzvlərinin, katibinin, dəvət edilmiş digər şəxslərin adları, soyadları və ata adları;

4.9.3. gündəliyə daxil edilmiş məsələlər;

4.9.4. müzakirə edilən məsələlər ətrafında çıxışların qısa məzmunu;

4.9.5. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Gənclər Birliyi tərəfindən qəbul edilmiş qərar.

 

5. Gənclər Birliyinin fəaliyyətinə nəzarət

5.1. Gənclər Birliyinin fəaliyyətinə nəzarəti YAP-ın İdarə Heyəti həyata keçirir.

5.2. Gənclər Birliyi bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə YAP Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti Gənclər Birliyinin yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan Gənclər Birliyinin qərarlarını ləğv edir. 

5.3. YAP-ın Təftiş Komissiyası Gənclər Birliyinin qərarlarının qanunvericiliyə və bu Əsasnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır.