YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

17 dekabr 2004-cü il - Azərbaycan Respublikasının bələdiyyə seçkiləri 

2004-cü ilin dekabr ayının 17-də Azərbaycanda seçki demokratiyasının təkmiləşdirilməsi istiqamətində çox əhəmiyyətli addım atılmışdır. Yerli özünüdarəetmə orqanları - bələdiyyələrin yenidən formalaşdırılması ilə əlaqədar səsvermə keçirilmişdir. Beş il bundan öncə fəaliyyətə başlayan yerli özünü idarəetmə orqanı Azərbaycan təcrübəsində özünü artıq təsdiq etmişdir. Azərbaycanda yerli problemlərin həll edilməsində bu qurum müstəqil idarəetmə forması kimi əhəmiyyətli təcrübə toplamışdır. 

2004-cü ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası da fəal iştirak etmişdir. Seçkilər ərəfəsində YAP-ın apardığı ciddi hazırlıq işləri və geniş təbliğat kampaniyası nəticəsində ölkənin bütün kənd, qəsəbə, rayon və şəhərlərində partiyanın namizədlərinin seçicilərlə çoxsaylı görüşləri keçirilmişdir. Geniş-təbliğat təşviqat kampaniyası və seçkilərin şəffaf keçirilməsi partiya namizədlərinin qələbəsinə inam yaratmışdır. Seçkilərdə Yeni Azərbaycan Partiyası 21 mindən çox namizədlə iştirak etmişdir. YAP-ın 10 mindən çox müşahidəçisi səsvermə gedişini izləmişdir. Ümumiyyətlə isə yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi şəffaf, ədalətli, Seçki Məcəlləsinin tələblərinə uyğun, demokratik keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən ümumən ölkə üzrə 2731 bələdiyyəyə seçki keçirilmiş və bu seçkilərdə 38041 nəfər namizəd iştirak etmişdir. Bundan əlavə, seçici siyahılarındakı 4 milyon 551 min 246 nəfər seçicidən 2 milyon 109 min 267 nəfəri, yəni seçicilərin ümumi sayının 46,34 faizinin seçkilərdə iştirak etmişdir.  2004-cü ilin bələdiyyə seçkilərinin nəticələrinə görə, YAP üzvləri Azərbaycan bələdiyyələrində 60 faizlik bir həddə təmsil olunmuşdular. Sonradan heç bir partiyaya aid olmayan bələdiyyə üzvlərinin bir hissəsinin Yeni Azərbaycan Partiyasına  daxil olması nəticəsində bələdiyyələrdə təmsil olunan üzvlərimizin sayı 64 faizə yüksəlmişdir.