YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                                               İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
                                                                                                                                                                                                                               (Protokol №4, 29.12.2021-ci il)

 

Yeni Azərbaycan Partiyasının

Proqramı

                                                                                                                                                                                                                 Biz birlikdə güclüyük

  

I. Partiyanın inkişafı və uğurları

Tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yoluna malikdir. Partiyanın ötən dövr ərzində keçdiyi yola nəzər salsaq, onun Heydər Əliyev irsinə sadiqliyinin, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi oluruq.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi respublikamızda demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması üçün tarixi şərait yaratdı.

Azərbaycan xalqının istək və arzularının nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev onun sədri seçildi.

YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiyanın sıraları genişləndi.

YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.

1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqımızın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz ağır böhrandan, vətəndaş müharibəsi və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edildi.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı. Üzvlərinin sayı sürətlə artan YAP aparıcı siyasi partiya kimi respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdi.

Gənclərin və qadınların fəaliyyətinin genişləndirilməsi, onların intellektual potensialından səmərəli şəkildə istifadə edilməsi məqsədilə 1995-ci ilin iyun ayında YAP-ın Gənclər Birliyi və Qadınlar Şurası təsis olundu.

1995-ci il noyabrın 12-də ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq keçirilən parlament seçkilərində YAP qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 59 deputatla təmsil olundu ki, bu da xalqımızın partiyaya böyük etimadının göstəricisi idi.

1999-cu il dekabrın 12-də Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində YAP böyük uğur əldə etdi və partiyadan 10 min 431 nəfər bələdiyyə üzvü seçildi.

YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək, sosial yönümlü iqtisadiyyatı inkişaf etdirmək partiyanın əsas strateji hədəfləri kimi müəyyən edildi.

Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.

Xaricdəki soydaşlarımızın ümumi amallar və vahid ideya ətrafında birləşməsi istiqamətində mühüm addımlar atıldı. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi xalqımızı milli ideologiyanın əsasını təşkil edən azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirdi. Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşməsində, vətəndaş həmrəyliyinin yaradılmasında tarixi-siyasi əhəmiyyət daşıyan azərbaycançılıq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid məfkurəsi kimi təsbit edildi.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi məqsədilə yeni neft strategiyasının əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında “Əsrin müqaviləsi”nin imzalanması xalqımızın təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin etdi. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanıldı.

Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin YAP-ın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı və onun sosial bazasını möhkəmləndirdi.

Partiyanın uğurlu fəaliyyəti Azərbaycan dövlətinin bütün sahələrində əldə edilən nailiyyətlərlə sıx şəkildə bağlıdır. Prezident İlham Əliyevin irəli sürdüyü “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” çağırışı özünün real təsdiqini ölkəmizin hərtərəfli və davamlı inkişafında tapır.

Prezident İlham Əliyevin siyasəti xalqımızın maraqlarını özündə əks etdirərək, Azərbaycanın siyasi-iqtisadi, mədəni potensialına əsaslanır və müasir dövrün çağırışlarına cavab verir. Dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın inkişafı, sosial, humanitar və digər sahələrdə əldə edilən böyük nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirir.

Neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində əldə olunan nailiyyətlər və qeyri neft-qaz sektorunun inkişafı, işsizlik və yoxsulluq səviyyəsinin aşağı salınması sahəsində görülən işlər əhalinin sosial rifahını yüksəldir.

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi infrastruktur təminatını yaxşılaşdırır, sahibkarlığın inkişafına təkan verir.

Azərbaycanda müsbət demoqrafik şərait mövcuddur. Sevindirici haldır ki, son illərdə ölkədə əhalinin sayı artır. Yüksək sosial rifah əhalinin artım tempinin qorunub saxlanılacağına böyük əminlik yaradır.

Ölkəmizin xarici siyasətdə əldə etdiyi nailiyyətlər, nəhəng enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində təşəbbüskarlığı və yaxından iştirakı, çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi etməsi onun dünya birliyində geosiyasi mövqeyini möhkəmləndirir.

Azərbaycan Respublikasının Milli Məclisində YAP-ın üzvü olan deputatlar ölkəmizin davamlı inkişafının hüquqi əsasını təmin edən qanunların hazırlanmasında yaxından iştirak edirlər.

YAP Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, cəmiyyətdə demokratik norma və prinsiplərin daha da möhkəmlənməsi məqsədilə keçirilmiş ümumxalq səsvermələrində (referendumlarda) yüksək fəallıq nümayiş etdirmiş, “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupu əhalinin bütün təbəqələri arasında geniş və uğurlu təbliğat-təşviqat işləri aparmışdır.

Prezident İlham Əliyevin apardığı siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanmasını təmin etdi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Vətən müharibəsi xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, bölgədə yeni geosiyasi reallıqlar yaratdı. YAP bu qələbəni tarixi ədalətin təntənəsi kimi qiymətləndirir və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük qürur hissi ilə qeyd edir.

Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi YAP-ın əsas fəaliyyət istiqamətlərindən biridir. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür.

YAP-ın VII qurultayı (5 mart 2021-ci il) Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoyur. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. VII qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malikdir. Bu isə partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini şərtləndirir.

Əminik ki, qarşıdakı dövrdə də YAP cəmiyyətin öncül siyasi qüvvəsi kimi Azərbaycanın çiçəklənməsi, onun dünya birliyində mövqeyinin möhkəmlənməsi, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşaması yolunda böyük qətiyyət və əzmkarlıqla fəaliyyət göstərəcəkdir.

II. Siyasi dəyərlər və prinsiplər

1. Heydər Əliyev yolu

Heydər Əliyev yolu siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışlar sistemidir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını təmin edir, onun vasitəsilə Azərbaycanın milli inkişaf strategiyasının istiqamətləri müəyyən olunur.

Heydər Əliyev yolu:

  • milli maraqların üstünlüyü;
  • güclü, müstəqil, hüquqi, demokratik dövlət;
  • inkişaf edən şaxələndirilmiş iqtisadiyyat;
  • idarəçilikdə və milli ideologiyada varislilik;
  • azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər üzərində qurulub.

Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın bu günü və gələcəyi üçün aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmişdir. Bu yol Azərbaycanın sarsılmaz təməlidir.

Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi Azərbaycana tərəqqi və yüksək sosial rifah bəxş edir.

Azərbaycanın sınaqlardan çıxmış Heydər Əliyev dəyərləri və siyasi kursu işığında inkişafı beynəlxalq aləmdə ona böyük nüfuz qazandırır. Azərbaycan dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunduğu dövlət kimi tanınır, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində fəallıq göstərir.

Heydər Əliyev yolu xalqımızın gələcəyinə istiqamətlənmiş, Azərbaycan dövlətinin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Bu siyasi kurs milli çağırışların qlobal çağırışlarla uzlaşdırılması əsasında varislik və təkamül yolu ilə inkişaf edir.

2. Müstəqillik

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində böyük tarixi xidmətlər göstərmişdir. Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə o, Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin və rəmzlərinin bərpası sahəsində mühüm tarixi-siyasi əhəmiyyət kəsb edən addımlar atdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, Ali Sovetinin isə Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərindən olan üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunması barədə qərar qəbul edildi, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması, eyni zamanda, Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün müsabiqənin elan olunması haqqında vəsatət qaldırıldı.

Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edərək, SSRİ-nin dağılmasının labüd proses olduğunu vurğuladı və öz mövqeyini tutarlı faktlarla əsaslandırdı. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev növbəti dəfə milli müstəqillik və suverenliyin vacib olduğunu bəyan etdi. Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il martın 14-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının SSRİ-nin saxlanmasına dair referendumda iştirak etməməsi haqqında qərar qəbul olundu.

Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da qəbul etdiyi Qərarla dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olundu, həmin günün Azərbaycan Respublikasında rəsmi bayram kimi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetinə təklif verildi.

1993-cü ildə Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu sahəsində məqsədyönlü siyasət həyata keçirildi və bunun nəticəsində:

  • “hakimiyyətin mənbəyi xalqdır” prinsipi tam bərqərar oldu, demokratik institutlar, vətəndaş cəmiyyəti təsisatları yaradıldı;
  • dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı;
  • ictimai-siyasi sabitlik bərqərar oldu;
  • ölkəmizin hərbi təhlükəsizliyini təmin etməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri yaradıldı;
  •  torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəal siyasi-diplomatik mübarizə aparıldı;
  • yeni neft strategiyasının əsası qoyuldu;
  •  iqtisadi islahatların aparılması yolu ilə iqtisadi tənəzzülün qarşısı alındı və Azərbaycan davamlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoydu;
  • ölkədə milli təhsil quruculuğuna və təhsil sahəsində islahatlara başlanıldı.

Dövlət müstəqilliyi:

  • ali dəyər kimi xalqımızın maraqlarının reallaşması üçün geniş imkanlar yaratdı;
  • Azərbaycanın xarici ölkələrlə bərabərhüquqlu qarşılıqlı münasibətlər qurmasını təmin etdi;
  • daxili və xarici təhdidlərə qarşı xalq-dövlət birliyini möhkəmləndirdi.

3. Azərbaycançılıq

 Azərbaycançılıq məfkurəsi xalqımızın çoxəsrlik mədəni irsinin hərtərəfli şəkildə, dərindən öyrənilməsində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm yer tutur. Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmış, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaradılmışdır.

Azərbaycançılıq məfkurəsi partiyanın əsas prinsiplərindən biri kimi:

  • xalqımızın milli həmrəyliyini və birliyini təmin edir;
  • milli-mədəni irsi və mənəvi-əxlaqi dəyərləri qoruyaraq zənginləşdirir;
  • ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini öz ətrafında birləşdirir;
  • xarici ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyində və təşkilatlanmasında xüsusi yer tutur;
  • ümummilli ideologiya kimi siyasi münasibətlərin fövqündə dayanır;
  • təhsilin məzmununda aparıcı amil kimi nəzərə alınır.

4. Dövlətçilik

Dövlətin mövcudluğu müəyyən sərhədlər və iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda tarixi ənənələrə söykənir. Mürəkkəb geostrateji məkanda yerləşən Azərbaycanın torpaqları tarixən vaxtaşırı işğalçıların hücumlarına məruz qalsa da, xalqımız həmişə dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarıb.

Azərbaycan xalqının ictimai-siyasi fikir tarixində, milli mənlik şüurunda dövlətçiliklə bağlı sabit mənəvi dəyərlər formalaşıb. Dövlətçilik tarixi-ictimai təşkilatlanmanın və mədəniyyətin ən yüksək formasıdır. Müstəqil dövlətçiliyin qorunması yolunda varislik, vətənpərvərlik, fədakarlıq və əzmkarlıq göstərmək YAP-ın fəaliyyətində xüsusi yer tutur. Buna görə də partiya:

  • Azərbaycan dövlətinin inkişafında xalqın iradəsini əsas götürməyi;
  • ölkənin maddi və intellektual potensialına əsaslanmaqla hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirməyi;
  • siyasi-tarixi ənənələri inkişaf etdirərək, müstəqil dövlətçiliyin qorunmasını və dövlət maraqlarının öncüllüyünü əsas prinsiplər olaraq hesab edir.

5. Qanunun aliliyi

Hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi, onlar arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlər hüquqi, demokratik dövlətin əsasını təşkil edir.

YAP-ın əsas prinsiplərindən biri olan qanunun aliliyi şəraitində:

  • vətəndaşların hüquq və azadlıqları təmin olunur;
  • ictimai münasibətlər demokratik normalar əsasında inkişaf edir;
  • cəmiyyətdə sabitlik, əmin-amanlıq və milli həmrəylik təmin olunur;
  • hər kəs ümummilli maraqları rəhbər tutaraq, siyasi, iqtisadi, hüquqi, ictimai normalara tabe olur və qanunlara riayət edir.

6. Varislik və təkamül

Varislik və təkamül prinsipi mənəvi-əxlaqi dəyərlərin, mədəni irsin nəsillərdən nəsillərə ötürülməsini təmin edir. Yeniliyin və mühafizəkarlığın vəhdəti, uzlaşması varislik vasitəsilə mənəvi dəyərləri zənginləşdirir.

Varisliyin universal forması olan adət-ənənələrin qorunub saxlanılması ilə keçmiş, indi və gələcək arasında qarşılıqlı bağlılıq yaranır. Elm, incəsənət və əxlaqi dünyagörüşündə, siyasi və hüquqi şüurda varislik prinsipi cəmiyyətin təkamül yolu ilə ahəngdar inkişafını təmin edir.

YAP Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin varislik prinsipi əsasında qorunub saxlanılmasının tərəfdarıdır. Partiya 1918-ci il mayın 28-də Müsəlman Şərqində qurulmuş ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiqdir və onları yaşadır.

Siyasi idarəçilikdə və dövlətçilik şüurunda varislik cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır.

7. Konstruktiv əməkdaşlıq və dialoq

Vətəndaş həmrəyliyinin möhkəmlənməsində ictimai-siyasi təşkilatlar arasında fəal əməkdaşlıq və dialoq mühüm yer tutur. YAP-ın mövqeyinə görə siyasi dialoq:

  • partiyalararası münasibətlərdə qarşılıqlı əməkdaşlıq yaradır;
  • siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır;
  • siyasi partiyalar arasında yaranmış səmərəli əməkdaşlığı və yeni konfiqurasiyanı təqdir edir.

Vətəndaş həmrəyliyi və siyasi dialoq öz əhəmiyyətini ümummilli məsələlərə münasibətdə təsdiq edir. Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində uğurların əldə edilməsi milli birlik şəraitində mümkün olmuşdur. Konstruktiv mövqedən çıxış edən siyasi partiyaların Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətə dəstək verməsi siyasi həmrəyliyin və dialoqun bariz nümunəsidir.

8. Sosial ədalət və insan amili

YAP-ın sosial siyasət sahəsində məqsədi insana qayğı, onun inkişafı, maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılmasından ibarətdir.

Azərbaycanda insan amilinə diqqət göstərilməsi dövlət siyasətinin sosialyönümlüyünü müəyyən edir. İnsanlar eyni fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildirlər. Hüquqi dövlətdə də hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şərtlərdən, qanun qarşısındakı bərabər hüquqlardan istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir.

Lakin sosial dövlət prinsiplərinə sadiq olan ölkələrdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmləri yaradaraq, cəmiyyətin aztəminatlı təbəqəsinin yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə ictimai sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasi fəaliyyətinin əsas istiqamətlərindəndir.

Burada hər bir ailənin və vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Prezident İlham Əliyevin “Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaqdır” fikri dövlətimizin yürütdüyü siyasətin sosialyönümlü olmasının sübutudur.

YAP sosial ədalət və insan amili prinsipindən çıxış edərək aşağıdakıları öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir:

  • dövlətin sosialyönümlü siyasətinin sosial ədalət prinsipinə söykənməsi;
  • hər kəsin məşğulluğunun təmin edilməsi, ərzağa əlçatanlığa və sosial müdafiə imkanına malik olması;
  • vətəndaşların sosial hüquqlarının təmin olunması üçün əlverişli şəraitin yaradılması;
  • kəmiyyət, keyfiyyət, məhsuldarlıq və iqtisadi imkanlar nəzərə alınmaqla əməyə görə mükafatlandırma;
  • insan kapitalının inkişafı və yeni ideyaların təşviqi, “qara qızıl”ın insan kapitalına çevrilməsi prinsipinin milli təhsil quruculuğu və insan resurslarının inkişafının əsas prioritetlərindən biri kimi müəyyən edilməsi;
  • uşaqlara, ahıllara, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, şəhidlərin ailə üzvlərinə və müharibə veteranlarına diqqət və qayğı göstərilməsi.

9. Multikultural cəmiyyət

Tolerantlığı və multikulturalizmi tarixən özündə yaşadan Azərbaycan dünyada mədəniyyətlərarası dialoqu inkişaf etdirən dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” fikri əsasında formalaşdırılan multikulturalizmin Azərbaycan modeli dünya üçün nümunədir. Multikulturalizmin hüquqi-siyasi əsasları öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ-hüquqi aktlarında tapır. Azərbaycan hüquqi və siyasi cəhətdən multikulturalizmin yerinin dəqiq müəyyən olunduğu azsaylı ölkələrdəndir.

Multikulturalizm şəraitində insanlar özlərinin adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlayır və zənginləşdirir. Multikultural mühit dini-etnik qruplar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin edir. Multikultural və tolerant dəyərlərə sadiqlik Azərbaycan xalqının milli yaddaşının tərkib hissəsidir.

Müasir informasiya-kommunikasiya texnologiyaları ən müxtəlif informasiyaların əlçatanlığını, operativliyini və s. təmin etməklə yanaşı, həm də bəzən multikultural ənənələrə mənfi təsir göstərən, milli-mənəvi dəyərlərlə uzlaşmayan meyillər yaradır. Bu cür mənfi halların qarşısını almaq uçün Azərbaycan Respublikası çevik və məqsədyönlü informasiya təhlükəsizliyi siyasəti aparır, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə böyük əhəmiyyət verir.

YAP multikulturalizmin inkişafı məqsədilə aşağıdakıları vacib hesab edir:

  • milli kimliyin qorunması;
  • mədəni müxtəlifliyin təmin olunması;
  • mədəniyyətlərarası dialoqa sadiqlik;
  • vicdan azadlığı və konfessiyalararası harmoniyanın ardıcıl müdafiə edilməsi;
  • multikulturalizmin mənəvi dəyərlərimizin tərkib hissəsi kimi təbliğ və təşviq edilməsi;
  • birlik və bərabərliyi tərənnüm edən islami dəyərlərimizin çoxkonfessiyalı cəmiyyətin qorunub-saxlanılmasındakı əhəmiyyətini;
  • multikulturalizm sahəsində qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini;
  • ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial və siyasi aspektlərin təhlili və Azərbaycan reallığına uyğun təşviqi.

10. Demokratik ənənələrin inkişafı

YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir.

Azərbaycan xalqının hakimiyyətin yeganə mənbəyi olması, seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ölkəmizin demokratik siyasi sisteminin əsasını təşkil edir.

Plüralizm, hakimiyyətlərin bölünməsi, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır.

Demokratik ənənələrin möhkəmlənməsində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı mühüm rol oynayır. Demokratik dəyərlərə sədaqət Azərbaycanın siyasi sisteminin inkişafını təmin edən meyarlardan biridir.

YAP-ın mövqeyinə görə, demokratik siyasi münasibətlər dövlətin mütərəqqi yolla inkişafını şərtləndirən vacib faktordur. Buna görə də partiya demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir.

III. Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları

1. Peşəkarlıq

İctimai-siyasi sahədə peşəkarlıq amili özünün aktuallığı ilə seçilir və cəmiyyətdə gedən proseslərə yaradıcı, kreativ yanaşmanı şərtləndirir. Sağlam rəqabət mühiti siyasi münasibətlərdə iştirak edən tərəflərdən yüksək siyasi peşəkarlıq tələb edir.

Peşəkarlıq qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün hadisə və proseslərin mahiyyətinin obyektiv qiymətləndirilməsini, təhlilini nəzərdə tutur. Müasir dövrün çağırışları, elmi-texniki yeniliklər, informasiya cəmiyyətinin tələbləri, ölkəmizdə aparılan çoxşaxəli islahatlar və ictimai münasibətlərin yüksək inkişaf səviyyəsi peşəkarlığın fəaliyyət meyarı kimi əhəmiyyətini artırır.

YAP həm partiyanın üzvləri, həm də siyasi münasibətlərdə iştirak edən bütün tərəflər arasında əlaqələrin peşəkarlıq meyarına əsaslanaraq inkişafını təşviq edir.

2. İşgüzar münasibətlər

Siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətlərin dəstəklənməsi, eyni zamanda, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə də müsbət təsir etməkdədir. İşgüzar münasibətlər partiyanın üzvləri arasında razılığa və konstruktiv əməkdaşlığa nail olmaq vasitəsidir.

YAP öz üzvlərinin şəxsi keyfiyyət və işgüzar münasibətlərinə böyük əhəmiyyət verir. Partiyadaxili işgüzar münasibətlər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün çeviklik və səmərəlilik yaradır.

YAP-da sağlam mənəvi-psixoloji mühitin inkişafı, həmçinin münbit iş şəraitinin yaradılması məqsədilə partiya üzvləri arasında işgüzar münasibətləri möhkəmləndirmək fəaliyyətimizin əsaslarından biridir.

3. Şəxsi inkişaf

Müasir cəmiyyətlərdə fərdlərin inkişafını təmin edən və ömürboyu təhsil prinsipinin davamı olan şəxsi inkişaf mexanizmi YAP-ın partiyadaxili münasibətlərini tənzimləyən vasitələrdəndir.

Cəmiyyətdə fərdlərin inkişafını təmin edən və səmərəli təhsilin məhsulu olan şəxsi inkişaf YAP-ın partiyadaxili münasibətlərində xüsusi yer tutur.

Şəxsi inkişaf özünütənqidə, çatışmazlıqların müəyyənləşməsinə və qarşıya qoyulan hədəflərə nail olmağa xidmət edir. YAP tənqidi təfəkkürü, komandada işləməyi, kollektivçilik və qarşılıqlı fəaliyyəti, ünsiyyət bacarığını önə çəkməklə, şəxsi inkişafı fəaliyyət meyarı kimi öz üzvləri arasında təşviq etməklə, onların siyasi-intellektual hazırlıq səviyyəsini yüksəldir.

Partiyadaxili münasibətlər kontekstində şəxsi inkişafı düşünən fərdlər, eyni zamanda, ümumi məqsədə xidmət etməyə köklənir.

Partiyanın üzvü olan hər bir insan şəxsi inkişafını düşünərkən vətəndaşlıq məsuliyyətini dərk etməli və ictimai həyatda fəallıq göstərməlidir.

4. Sağlam rəqabət

Demokratik cəmiyyətin inkişafının əsas xüsusiyyətlərindən biri sağlam rəqabət mühitinin mövcud olmasıdır. YAP bunu nəzərə alaraq partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyət, yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı təşviq edir.

Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.

Sağlam rəqabət mühitində partiya üzvlərinə etimad göstərilərkən onların intellektual potensialı, kollektivdə işləmək bacarıqları və fərdi təşəbbüskarlığı əsas götürülür.

5. Etik davranış və milli dəyərlər

YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir.

Partiya üzvlərinin fəaliyyəti bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Onlar bütün şəxslərə, o cümlədən işlədikləri kollektivdə rəhbərliyə və yaxud tabeliyində olan insanlara münasibətdə etik davranış qaydalarına riayət etməlidirlər.

Hər bir xalqın və millətin inkişafında onun milli adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılıq dərəcəsi mühüm rol oynayır. Buna görə də YAP milli dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirir, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan partiya üzvləri arasında etik davranışı və tolerantlığı təşviq edir.

6. İnnovativ inkişaf və kreativlik

Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Səmərəlilik, rasionallıq, çeviklik, müasirlik və aktuallıqla səciyyələnən kreativ yanaşma siyasi münasibətlərə də sirayət edir.

Özündə siyasi baxışları əks etdirən konseptual sənədlərin hazırlanmasında, siyasi müzakirələrin və təbliğat xarakterli tədbirlərin təşkilində kreativ yanaşma xüsusi yer tutur.

Müasir dövrdə rəqəmsal texnologiyaların müxtəlif sahələrdə, o cümlədən siyasətdə tətbiqi artacaqdır. Dünyada sürətlə gedən rəqəmsal transformasiya prosesləri və inkişaf edən “rəqəmsal cəmiyyət” formasiyası konkret sahələr üzrə tədricən yeni fəaliyyət qaydaları yaradacaqdır.

Rəqəmsal texnologiyaların üstünlüyü şəraitində siyasi münasibətlərdə kreativ yanaşma ön plana keçir. Müasir dövrdə siyasi mübarizə və rəqabətin virtual məkanda aparılması meyli getdikcə güclənir. YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir.

7. Elmilik

Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir. Müasir dövrdə rəqəmsallaşma ictimai həyatın bütün sferalarında olduğu kimi, siyasi münasibətlər sahəsinə də innovativlik gətirir, yeni dəyərlər yaradır. Ümummilli məsələlərin həllində elmi metodologiyalara əsaslanmaq siyasi riskləri azaldır.

Partiyanın mövqeyinə görə, öyrənilən və ya öyrədilən biliklərin məzmunu elmin, texnikanın inkişafı ilə yeniləşərək, təlim prosesini müasirləşdirir. Elmilik fəaliyyət meyarlarından biri kimi partiyanın inkişafını və möhkəmlənməsini nəzərdə tutur.

Siyasi fəaliyyətdə peşəkarlığın artırılmasında və siyasi rəqabətin konstruktiv çərçivədə aparılmasında yüksək elmi-siyasi biliklərə malik olmaq mühüm əhəmiyyət daşıyır. Buna görə YAP cəmiyyətin və dövlətin inkişafı ilə bağlı təşəbbüslər irəli sürərkən elmi yanaşmalara əsaslanır.

8. Müasirlik

Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir. Müasirlik ictimai inkişafı səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Azərbaycan dövləti xalqımızın tarixi adət-ənənələrini və mənəvi-əxlaqi dəyərlərini qorumaqla yanaşı, modernləşmə yolu ilə inkişaf edir. Müasirlik milli dəyərlərin hər hansı şəkildə aşınmasına səbəb olmamalıdır.

Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir. Ümummilli dəyərlərlə bəşəri dəyərlərin vəhdəti və əlaqələndirilməsi müasir şəraitdə mühüm yer tutur. Bununla yanaşı, partiya digər siyasi təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın müasir, mütərəqqi prinsiplər əsasında möhkəmlənməsinə üstünlük verir.

IV. Partiyanın əsas hədəfləri

1. Heydər Əliyev irsinin təbliği və təşviqi

Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsi indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsidir.

Heydər Əliyev irsi ölkəmizin inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi-iqtisadi, mənəvi baxışlar sistemi olub, xalqımızın inkişafında mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin məruzələri, nitqləri, çıxışları, imzaladığı fərman və sərəncamlar, tapşırıq və tövsiyələri onun zəngin siyasi irsinin əsasını təşkil edir. Heydər Əliyev irsinin təbliği xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşması baxımından çox vacibdir.

Heydər Əliyev tərəfindən hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrə yaradıldı, o cümlədən:

  • kənd təsərrüfatının səmərəli inkişafına nail olundu;
  • respublikada genişmiqyaslı quruculuq işləri aparıldı, çoxsaylı iri sənaye müəssisələri, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradıldı;
  • aqrar respublika olan Azərbaycan aqrar-sənaye respublikasına çevrildi;
  • yeni ali və orta ümumtəhsil məktəbləri fəaliyyətə başladı, respublikanın kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərildi;
  • milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı;
  • Sovet dövründəki siyasi-ideoloji məhdudiyyətlərə baxmayaraq, xalqımızın milli-mənəvi dəyərləri qorundu və zənginləşdirildi;
  • azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutması məqsədilə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırıldı;
  • milli kimliyin və özünüdərkin güclənməsi üçün Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edildi;
  • Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi-siyasi qərarlar qəbul etdi;
  • Ermənistan hərbi birləşmələrinin Naxçıvana hücumunun qarşısı qətiyyətlə alındı;
  • blokada şəraitində yaşayan Naxçıvanın sosial-iqtisadi inkişafı məqsədilə mühüm tədbirlər görüldü.

Heydər Əliyev irsinin təbliği və təşviqi zamanı yuxarıda qeyd olunanlarla yanaşı onun Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan aşağıdakı mühüm nailiyyətlər əsas götürülür:

  • müstəqilliyin dönməz və sarsılmaz olmasının təmin edilməsi;
  • dövlət çevrilişi cəhdlərinin və separatizmin qarşısının alınması;
  • vətəndaş həmrəyliyinin bərqərar olması;
  • ictimai-siyasi və iqtisadi sabitliyin yaradılması;
  • 1995-ci il noyabrın 12-də ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və demokratik parlament seçkilərinin keçirilməsi;
  • azərbaycançılıq məfkurəsinin milli ideologiya səviyyəsinə qaldırılması;
  • insan hüquq və azadlıqlarının təmin olunması;
  • siyasi, iqtisadi və sosial sahələrdə islahatların aparılması;
  • demokratik siyasi sistemə və bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizminin formalaşdırılması;
  • müstəqil dövlətin hüquqi-siyasi əsaslarının yaradılması;
  • əhalinin sosial rifahının təmin edilməsi;
  • “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulması;
  • ölkəmizin nəqliyyat-enerji təhlükəsizliyinin təmin olunması;
  • milli maraqlara söykənən xarici siyasətin həyata keçirilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması;
  • xarici ticarətin liberallaşdırılması;
  • MDB məkanında ilk dəfə olaraq torpaq islahatlarının aparılması;
  • özəlləşdirmənin həyata keçirilməsi;
  • Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması istiqamətində fəal siyasi-diplomatik mübarizənin aparılması;
  • ordu quruculuğu;
  • milli-mənəvi dəyərlərin qorunub saxlanılması və zənginləşdirilməsi;
  • elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafı;
  • müstəqil dövlət idarəçiliyinin yaradılması.

2. Güclü iqtisadiyyat və davamlı inkişaf

Müasir dövrdə Azərbaycan davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir. Uğurlu sosial-iqtisadi inkişaf kursunun və sistemli islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Ölkəmiz bir çox postsovet dövlətləri ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur.

Neft gəlirlərindən milli iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı və dəstəklənməsi, ölkədə sosial-iqtisadi infrastrukturun yenidən qurulması və sosial problemlərin həlli istiqamətində səmərəli istifadə edilməsi, bunun nəticəsində qeyri neft-qaz sektorunun dinamik inkişafına nail olunması, işsizlik və yoxsulluq səviyyəsinin minimuma endirilməsi əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verir.

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafına təkan verilir, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirir, mikro, kiçik və orta sahibkarlığın inkişafına təkan verir, qeyri neft-qaz sektorunun ixrac potensialının reallaşdırılmasına şərait yaradır.

Bölgələrdə çoxsaylı sənaye parkı və məhəllələrin, texnoparkların yaradılması, istehsal sahələrinin genişləndirilməsi ölkənin inkişafına mühüm təkan verir. Azərbaycan iqtisadiyyatının neftdən və xarici amillərdən asılılığının azalması ümumi daxili məhsulda qeyri neft-qaz sektorunun payını artırır.

Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparılması dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş nəhəng enerji-nəqliyyat layihələri uğurla həyata keçirilir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilmişdir. 2020-ci ildə isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazı Avropaya ixrac olunmağa başlamışdır.

2013-cü ildə “Azerspace-1”, 2014-cü ildə “Azersky”, 2018-ci ildə isə “Azerspace-2” peyklərinin orbitə buraxılması ilə Azərbaycan kosmik sənayesi olan ölkələrin sırasına daxil oldu.

Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi sahəsində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu sahədə qazanılan uğurların sayəsində ölkəmizin ekoloji təhlükəsizliyi təmin edilir, ətraf mühitə zərərli təsirlərin qarşısını almaq üçün səmərəli mexanizmlər tətbiq olunur.

Bütün bunlardan çıxış edən YAP güclü iqtisadiyyat və davamlı inkişaf naminə aşağıdakı sahələr üzrə hədəflər müəyyənləşdirir:

a) Makroiqtisadi sabitlik və yüksək iqtisadi artım

YAP davamlı iqtisadi inkişafın vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biri olduğunu nəzərə alaraq:

  • dayanıqlı və sürətli iqtisadi artım vasitəsilə ölkədə adambaşına düşən milli gəlirin davamlı artmasına nail olunması;
  • makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın optimal səviyyədə saxlanması və effektiv idarə olunması, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin yüksəldilməsi;
  • milli iqtisadiyyatın şaxələnməsi, ölkənin mallar və xidmətlər üzrə ixrac potensialının reallaşdırılmasına nail olunması;
  • özəl sektorun və sahibkarlığın iqtisadi artımda rolunun daha da gücləndirilməsi;
  • dövlət investisiyalarının səmərəliliyinin artırılması və bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi;
  • özəl sektorun, sahibkarlığın inkişafı üçün stimulların gücləndirilməsi, biznes və rəqabət mühitinin daha da yaxşılaşdırılması;
  • sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin daha da artırılması;
  • özəlləşdirmənin növbəti mərhələsində şəffaflığın artırılması;
  • iqtisadiyyatda müasir texnologiyaların və innovasiyaların geniş tətbiqinin təşviq edilməsi;
  • aqrar sektorun yüksək texnoloji bazaya və dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla intensiv və səmərəli inkişafının stimullaşdırılması;
  • ərzaq təhlükəsizliyinin gücləndirilməsi;
  • iqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafının sürətləndirilməsi;
  • qeyri neft-qaz ixracının həcminin artırılması;
  • rəqəmsal iqtisadiyyatın formalaşdırılması;
  • bank sektorunda maliyyə sabitliyinin və dayanıqlığın təmin olunması, iqtisadi subyektlərin maliyyə resurs və xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin sürətlənməsini əsas hədəflərindən hesab edir.

Partiyanın mövqeyinə görə, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar, o cümlədən infrastruktur sahələrinə strateji sərmayəçilər cəlb edilməlidir. Milli maraqların qorunması və xarici sərmayəçilərə rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi üçün:

  • dövlət şirkətlərinin fəaliyyətində iqtisadi səmərənin yüksəldilməsi, bu sahədə şəffaflığın təmin edilməsi;
  • dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılması;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartlarının tətbiq edilməsi və gəlirlilik səviyyələrinin artırılması;
  • iqtisadiyyatda şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsinin ən yüksək standartlara çatdırılması;
  • iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin yüksəldilməsi və təşviq olunması;
  • dövlət maliyyə idarəetməsində intizamın və hesabatlılığın artırılması daim diqqət mərkəzində olmalıdır.

b) Uğurlu neft strategiyası və qeyri neft-qaz sektorunun inkişafı

YAP hesab edir ki, neft strategiyasının uğurla davam etdirilməsi və qeyri neft-qaz sektorunun inkişafı məqsədilə yeni neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin fəaliyyəti daha da təkmilləşməlidir. Bu sahədə partiyanın hədəfləri aşağıdakılardır:

  • iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz və neft-kimya sənayesinin inkişaf etdirilməsi;
  • dünya enerji bazarları ilə inteqrasiya əlaqələrinin gücləndirilməsi;
  • qeyri neft-qaz sənayesinin inkişafı məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi;
  • bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
  •  institusional mühitin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi;
  • yüksək təhsilə, innovativ bilik və bacarıqlara malik olan mütəxəssis hazırlığının təkmilləşdirilməsi, milli təhsil sisteminin modernləşdirilməsi;
  • müasir elmi tədqiqatlar üçün dəstək mexanizmlərinin formalaşdırılması və zəruri infrastrukturun yaradılması.

Qeyri neft-qaz sektorunun inkişafı sahəsində YAP-ın hədəfləri:

  • bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin müasir səviyyədə təşkil edilməsi və səmərəliliyinin artırılması;
  • sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması;
  • yeni sənaye müəssisələrinin, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;
  • qeyri neft-qaz sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;
  • rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması yolu ilə ixrac imkanlarının artırılması;
  • ölkənin qeyri neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;
  • ixracyönümlü qeyri neft-qaz sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi, bilik iqtisadiyyatına keçidin sürətləndirilməsi;
  • əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;
  • turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;
  • müasir texnologiyaların tətbiqi yolu ilə aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;
  • aqrar sektorun intensiv və səmərəli inkişafına nail olmaq üçün bu sahənin resurs və xidmətlərlə təminatının, innovasiyaların tətbiqi ilə potensialının, dövlət dəstəyinin gücləndirilməsi;
  • ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsindən və bazar infrastrukturunun inkişaf etdirilməsindən ibarətdir.

c) Daxili və xarici təsirlərə dayanıqlıq

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bununla bağlı olaraq YAP aşağıdakı hədəfləri müəyyənləşdirir:

  • iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi;
  • yeni reallıqlara uyğun fiskal çərçivənin formalaşdırılması;
  • iqtisadiyyatın şaxələnməsi vasitəsilə qeyri neft-qaz sektorunun payının artırılması;
  • dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsinin təkmilləşdirilməsi;
  • makroiqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə institusional idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması.

d) Rəqəmsal inkişaf və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi

Rəqəmsal texnologiyalar və innovasiyalar sahəsində qlobal meyilləri və çağırışları, Azərbaycanın beynəlxalq texnoloji, innovativ və iqtisadi mərkəzlərlə əlaqələrini və strateji coğrafi mövqeyini nəzərə almaqla, telekommunikasiya, tranzit və nəqliyyat xidmətlərinin inkişafı, xüsusilə Vətən müharibəsində Ermənistanın işğalından azad olunmuş bölgələrdə rəqəmsal və nəqliyyat infrastrukturunun yaradılması sahəsində YAP-ın hədəfləri:

  • əhaliyə yüksək keyfiyyətli və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsi, onlara əlçatanlığın təmin edilməsi;
  • böyük məlumatlar (“big data”), süni zəka və digər qabaqcıl texnologiyaların tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi;
  • əhalinin rəqəmsal hazırlığının, müvafiq bilik, bacarıq və vərdişlərinin artırılması;
  • ölkədə elmi tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması, texnologiya transferi və qlobal əhəmiyyətli innovasiyaların ortaya çıxması üçün innovativ mühitin və dinamik startap ekosisteminin formalaşdırılması;
  • yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi;
  • ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının genişləndirilməsi;
  • əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması;
  • idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi;
  • ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması;
  • paytaxtın, habelə digər şəhər, rayon və kəndlərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;
  • Azərbaycanda regionlar arasında yol bağlantısının inkişaf etdirilməsi;
  • ətraf mühitin qorunması naminə “yaşıl nəqliyyat” növlərinə keçidin təşviq edilməsi, bu məqsədlə müvafiq infrastrukturun yaradılması;
  • nəqliyyat sahəsində təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlərin görülməsi;
  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun, o cümlədən Zəngəzur nəqliyyat dəhlizinin açılması üçün zəruri infrastrukturun yaradılmasından ibarətdir.

e) Ətraf mühit və ekoloji tarazlıq

YAP ətraf mühitin qorunmasını əsas hədəflərindən biri hesab edir və bu sahədə aşağıdakı vəzifələri müəyyənləşdirir:

  • iqtisadiyyatın bütün sahələrinin inkişafı prosesində ətraf mühitin mühafizəsi tələblərinin ön plana çəkilməsi;
  • biomüxtəlifliyin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturunun inkişafı;
  • su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi;
  • ekoturizmin inkişafı;
  • yaşayış məntəqələrində, şəhərətrafı ərazilərdə, magistral avtomobil yollarının kənarlarında yaşıllıq ərazilərinin artırılması;
  • meşə ilə örtülü sahələrin miqyasının artırılması, o cümlədən aqromeşə massivlərinin salınması;
  • təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədilə tullantıların zərərsizləşdirilməsi;
  • sənaye və məişət tullantılarının təkrar emalı üçün yeni müəssisələrin yaradılması;
  • iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası;
  • kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi;
  • su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə;
  • iqtisadi inkişafla ekoloji mühit arasında tarazlığın təmin olunması;
  • bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
  • əhalinin ekoloji maarifləndirilməsində yaxından iştirak.

3. İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı

Əhalinin sosial müdafiəsinin təmin olunması və insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə görülən ardıcıl tədbirlər nəticəsində ölkəmizdə xeyli sayda yeni iş yerləri yaradılır, əmək haqları, pensiyalar və digər sosial ödənişlər artırılır, işsizlik və yoxsulluq səviyyəsi ildən-ilə azaldılır.

Şəhid ailələrinə, müharibə veteranlarına və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, məcburi köçkünlərə diqqət və qayğı bu təbəqədən olan insanların yaşayış səviyyəsini yüksəldir. Şəhid ailələri mütəmadi olaraq dövlət hesabına fərdi ev və mənzillərlə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər əlavə olaraq minik avtomobilləri ilə təmin olunur. Ötən illər ərzində məcburi köçkünlər üçün dövlət xətti ilə çoxsaylı yaşayış evləri və binaları tikilib istifadəyə verilib.

Əhalinin gəlirlərinin artırılması istiqamətində atılan addımlar, o cümlədən əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləğlərinin layiqli səviyyəsinə nail olunması, əmək siyasəti və əməyin ödənilməsi sahəsində islahatların həyata keçirilməsi inklüziv cəmiyyətin, ədalətli sosial təminatın və insan kapitalının inkişafına böyük stimul verir.

Elm və təhsilin davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və müasir tələblərə uyğun səhiyyə infrastrukturunun yaradılması, gender bərabərliyinin təmin olunması və ailə institutunun möhkəmləndirilməsi, gənclərin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər davamlı inkişafın məntiqi nəticəsidir.

a) Hamı üçün layiqli həyat səviyyəsi

YAP-ın mövqeyinə görə, davamlı inkişaf inklüziv cəmiyyətin formalaşmasına təkan verməli və hər bir vətəndaş bunu öz həyatında hiss etməlidir. Layiqli həyat səviyyəsinin təmin edilməsi üçün:

  • əməkhaqqı artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılması;
  • bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması;
  • məşğulluq sahəsində özəl sektorun payının artması üçün təsirli tədbirlərin görülməsi;
  • əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının yüksəldilməsi;
  • gəlirlərin və qeyri-formal məşğulluğun leqallaşdırılması istiqamətində işlərin görülməsi partiyanın əsas məqsədlərindəndir.

b) İnklüziv cəmiyyət və sosial rifah

Azərbaycanda əhalinin sosial rifahını daha da yüksəltmək, inklüziv və özəl təşəbbüslərə əsaslanan iqtisadi artımı təmin etmək üçün YAP-ın hədəfləri aşağıdakılardır:

  • aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların sosial müdafiəsinin və təminatının gücləndirilməsi;
  • pensiya təminatı sisteminin maliyyə dayanıqlığının möhkəmləndirilməsi;
  • pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin artırılması;
  • əlilliyi olan şəxslər, o cümlədən uşaqlar üçün sosial reabilitasiya infrastrukturunun əlçatan olması.

c) Paytaxt və regionların tarazlı inkişafı

YAP-ın əsas hədəflərindən biri regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılmasını təmin etməkdir. Bununla bağlı olaraq partiya:

  • regionlarda iqtisadi fəallığın daha da gücləndirilməsi üçün mövcud iş qüvvəsinin və bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsini;
  • regionlarda paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarının təmin olunmasını;
  • regionların milli gəlirdə və büdcə daxilolmalarında payının artırılmasını nəzərdə tutur.

d) XXI əsrin tələblərinə uyğun elm və təhsil

 YAP hesab edir ki, Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı müasir tələblərə cavab verən elm və təhsilə əsaslanmalıdır. Buna görə də:

  • insan kapitalının milli sərvətdə iştirak payının artırılması;
  • peşəkarlıq, sosial vərdişlər və rəqəmsal bacarıqların qarşılıqlı bağlılığına söykənən “ömürboyu təhsil”ə xüsusi əhəmiyyət verilməsi;
  • erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi;
  • ümumi təhsilin məzmunca gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi;
  •  inteqrativ tədris təcrübəsinin inkişafı və onun əsasında ölkənin beynəlxalq qiymətləndirmələrdə qabaqcıl yer tutmasının təmin olunması;
  • rəqəmsal bacarıq və vərdişlərin formalaşdırılması;
  • yüksək keyfiyyətli təhsil almaq, elmi biliklərə yiyələnmək imkanlarının və inklüziv təhsilin genişləndirilməsi, bu sahədə müasir texnologiyalardan geniş istifadə edilməsi;
  • həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi, Təhsil Tələbə Krediti Fondunun imkanlarının genişləndirilməsi;
  • kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması;
  • gənclərdə dövlət idarəçiliyi sahəsində əhəmiyyətli olan bilik, bacarıq və təcrübənin formalaşdırılması, “Yüksəliş” Proqramının imkanlarının artırılması;
  • peşə hazırlığı sisteminin inkişafı çərçivəsində beynəlxalq tələblərə uyğun mütəxəssislərin hazırlanması;
  • distant təhsil də daxil olmaqla, təhsilin müasir formalarının tətbiqinin dəstəklənməsi;
  • təhsilin idarəedilməsinin təkmilləşdirilməsi;
  • ali təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
  •  smart universitet modelinin tətbiqi, universitet kampuslarının yaradılması;
  • ali təhsil müəssisələrinin beynəlxalq tələblərə uyğun akkreditasiya sisteminin formalaşdırılması;
  • xaricdə təhsil sisteminin imkanlarından milli kadr hazırlığında istifadənin genişləndirilməsi;
  • təhsil-elm-biznes vəhdətinin təmin edilməsinin dəstəklənməsi;
  • ali təhsil müəssisələrinin fəaliyyətində beynəlxalq rəqabətədavamlılığın təmin olunması partiyanın hədəflərindəndir.

e) Əhalinin sağlamlığı və səhiyyə

Əhalinin sağlamlığının qorunması və səhiyyə sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

  • səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının artırılması və onun səmərəli istifadəsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi;
  •  səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi;
  •  səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi;
  • icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi;
  • əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə və dərman vasitələrinə əlçatanlığının təmin edilməsi;
  • yoluxucu xəstəliklərin profilaktikası işinin gücləndirilməsi;
  • ana və uşaqların sağlamlığının qorunmasına dair hüquqi-təşkilati mexanizmlərin təkmilləşdirilməsi;
  • səhiyyədə müasir innovasiyaların tətbiqinin genişləndirilməsi;
  •  keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artmasına nail olunması;
  • ölkənin əsas dərman vasitələri və tibbi ləvazimatlarla davamlı təminatı məqsədilə daxili istehsalın artırılması;
  • əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tibb müəssisələrinin səviyyələr üzrə bölgüsünün aparılması, tibbi xidmətlər üzrə standartların hazırlanması və bu sahədə keyfiyyətə nəzarət sisteminin qurulması;
  • işğaldan azad edilmiş ərazilərdəki tibbi xidmətin ölkənin səhiyyə sisteminə tam inteqrasiya edilməsi.

f) Gender bərabərliyi və ailə institutunun inkişafı

Gender bərabərliyinin təmin edilməsi və ailə institutunun inkişafı YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biridir. Bu sahənin inkişafı ilə bağlı partiyanın hədəfləri:

  • gender əsaslı zorakılıq hallarının qarşısının alınması;
  • əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi;
  •  qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi;
  •  ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi;
  • müasir tələblərə cavab verən uşaq bağçalarının sayının artırılması;
  • ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi;
  •  zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin təkmilləşdirilməsindən ibarətdir.

g) Gənclərin potensialının gücləndirilməsi və yaşlıların təcrübəsindən faydalanması

Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq, onları yaşlı nəslin təcrübəsindən faydalanmaqla vətənpərvərlik əhval-ruhiyyəsində tərbiyə etmək YAP-ın fəaliyyətində mühüm yer tutur.

Partiyanın bu sahədə hədəfləri:

  • gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsi;
  • gənclərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və məşğulluğunun təmin edilməsi;
  • gənclərin mənzil ehtiyaclarının ödənilməsi məqsədilə güzəşt mexanizmlərinin təkmilləşdirilməsi;
  • gənclərin asudə vaxtının səmərəli təşkili, onların elmi-texniki biliklərinin inkişaf etdirilməsi, elm, texnika və innovasiyalar sahəsinə marağının artırılması;
  • gənclər, o cümlədən sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət xidmətlərinin artırılması;
  •  gənclər, xüsusən ucqar kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsinin genişləndirilməsi, kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi ilə bacarıqlarının inkişaf etdirilməsi, onların sosial və biznes layihələrini dəstəkləməklə yerli şəraitdə məşğulluğunun təmin edilməsi;
  • gənclərə göstərilən sosial xidmətlərin əlçatanlığının artırılması;
  •  yaşlı nəslin nümayəndələrinin bilik və bacarıqlarından bəhrələnmək məqsədilə onların gənclərlə təcrübə mübadiləsinin təşkili;
  • gənclərin nəsillər arasında mədəniyyət və adət-ənənələrin ötürücüsü kimi rolunun gücləndirilməsi;
  • gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təşviqinin gücləndirilməsi;
  • gənclər arasında idmanın və sağlam həyat tərzinin təşviqi;
  • gənclərin elmi, mədəni və innovativ potensialından səmərəli istifadə edilməsindən ibarətdir.

4. Şəffaflığın artırılması

Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan dövlət siyasətinin nəticəsində böyük nailiyyətlər əldə olunub. “Açıq-hökumət” platforması çərçivəsində görülən işlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirir, informasiyanın əldə edilməsində açıqlığı təmin edir, ictimai iştirakçılığı artırır, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq yaradır.

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri kimi açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi və dövlət orqanlarında elektron xidmətlərin təkmilləşməsində mühüm əhəmiyyət daşıyır.

“E-hökumət” infrastrukturu çərçivəsində dövlət orqan və qurumlarının nümunəvi və idarələrarası informasiya sistemləri təşkil olunub, vahid şəbəkəsi yaradılıb. “Açıq-hökumət” və “elektron-hökumət” platformaları insan hüquqlarının və şəffaflığın təmin olunmasında, ictimai nəzarətin artırılmasında, korrupsiyaya qarşı mübarizədə və qanunvericiliyin təkmilləşdirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətini göstərir.

a) İnsan hüquqları

Azərbaycan dövləti əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib.

İnsan hüquqlarının təmin edilməsi Azərbaycanda gedən demokratik proseslərin tərkib hissəsidir. Buna görə də:

  • cəmiyyətin və dövlətin demokratik inkişafı;
  • dövlət idarəçiliyində və özəl sektorun fəaliyyətində qanunun aliliyinin təmin edilməsi;
  • dövlət orqanlarında və özəl sektorda şəffaflığın təmin olunması işində KİV-ə və QHT-lərə dəstəyin verilməsi;
  • insan hüquqlarının qorunması partiyanın əsas hədəflərindəndir.

b) Açıq hökumət

YAP-ın mövqeyinə görə, Azərbaycanda “Açıq-hökumət” platformasının həyata keçirilməsi idarəetmə sistemində şəffaflığı artıran vacib amillərdəndir. Bu sahədə partiyanın hədəfləri:

  • idarəetmə münasibətlərinin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi;
  • dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi;
  • dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması;
  • maliyyə şəffaflığının təmin edilməsindən ibarətdir.

c) Elektron hökumət

YAP dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmasına və innovativ həllərin tətbiqinə böyük əhəmiyyət verir. Buna görə də:

  • vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi;
  • qarşılıqlı inteqrasiyanın təmin olunması sahəsində vahid yanaşmanın və standartların tətbiqi partiyanın əsas hədəflərindəndir.

d) İctimai nəzarət

YAP ictimai nəzarətə idarəetmədə çevikliyi və şəffaflığı təmin edən vacib faktorlardan biri kimi yanaşır. Burada vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi mühüm yer tutur.

Partiyanın bu sahədə hədəfləri aşağıdakılardır:

  • dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli qarşılıqlı fəaliyyətin genişləndirilməsi;
  • dövlət orqan və qurumlarında kollegial qərarların qəbulu zamanı, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiliyinin və iştirakının təmin edilməsi;
  • dövlət orqan və qurumları yanında yaradılmış ictimai şuraların fəaliyyətində səmərəliliyin artırılması;
  • ictimai şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi;
  • ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işinin gücləndirilməsi.

e) Korrupsiyaya qarşı mübarizə

Korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində və özəl sektorda şəffaflığın təmin edilməsi sahəsində YAP-ın hədəfləri:

  • korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasında operativliyin təmin olunması;
  • korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri və səviyyəsinin öyrənilməsi məqsədilə tədqiqatların və rəy sorğularının keçirilməsi;
  •  korrupsiya ilə bağlı risklərin müəyyən edilməsinə və qarşısının alınmasına dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsi;
  • korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsindən ibarətdir.

f) Qanunvericiliyin təkmilləşdirilməsi

Ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

  • qanunun aliliyinin təmin edilməsi üçün icra intizamı və nəzarət sisteminin gücləndirilməsi;
  • iqtisadi islahatların səmərəliliyinin artırılması məqsədilə iqtisadi qanunvericiliyin daim yenilənməsi;
  • qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində işlərin davam etdirilməsi;
  • piratçılıq və kontrafaksiya da daxil olmaqla əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlərin görülməsi.

5. Vətəndaş cəmiyyətinin inkişafı

Dövlət siyasətinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyətinin inkişaf etdirilməsidir. Demokratik dəyərlərə söykənən ictimai münasibətlər ölkəmizdə vətəndaş cəmiyyətini möhkəmləndirir.

Dövlət orqan və qurumları ilə vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında sıx əməkdaşlıq mövcuddur. QHT-lər insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə dair məsələlərlə bağlı müxtəlif təşəbbüslərlə çıxış edir.

QHT-lərə və mediaya dövlət dəstəyinin verilməsi onların cəmiyyətin müxtəlif sahələrində gedən prosesləri daha dərindən öyrənmək və əsaslandırılmış təkliflərlə çıxış etmək imkanlarını artırır. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur, informasiya təhlükəsizliyi sahəsində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Davamlı inkişafda vətəndaş cəmiyyətinin rolunun daha da artırılması üçün YAP-ın hədəfləri aşağıdakılardır:

  • dövlət orqan və qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsi;
  •  dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyinin gücləndirilməsi;
  • ümummilli məsələlərin həlində qeyri-hökumət təşkilatlarının və medianın potensialından səmərəli şəkildə istifadə olunması;
  • cəmiyyətin müxtəlif sahələrinin inkişafına dair QHT-lərin əsaslandırılmış təkliflərinin diqqət mərkəzində saxlanılması;
  • dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin yaxından cəlb olunması;
  • dövlət komissiyalarının işində QHT-lərin fəallığının gücləndirilməsi;
  • vətəndaş cəmiyyətinin inkişafı sahəsində özəl sektorun donor fəaliyyətinin stimullaşdırılması;
  • medianın fəaliyyətini tənzimləyən qanunvericilik sisteminin təkmilləşdirilməsi;
  • dövlət orqan və qurumları ilə media arasında qarşılıqlı etimadın artırılması;
  • medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi;
  • qlobal informasiya məkanında Azərbaycan mediasının rəqabətqabiliyyətli fəaliyyətinin və beynəlxalq ictimai rəyə təsir imkanlarının gücləndirilməsi;
  • jurnalistika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi.

6. Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi

Ölkəmizdə Azərbaycan dilinin milli dövlətçiliyin əsas atributlarından biri olaraq istifadəsi və tədqiqi, dilçilik elminin inkişafı istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi şəkildə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində mühüm addımlar atılır.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, Azərbaycan diasporunun möhkəmlənməsinə dəstəyin verilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Azərbaycan dilinin inkişafı, xarici ölkələrdə yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi, onların ölkəmizlə əlaqələrinin dərinləşdirilməsi YAP-ın fəaliyyətində mühüm yer tutur. Partiyanın bu sahədə hədəfləri:

  • Azərbaycan dilinin saflığının qorunması və inkişafı;
  • Azərbaycan dilinin inkişafı və ədəbi dil normalarının qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;
  • Azərbaycan dilinin tədrisi səviyyəsinin yüksəldilməsi;
  • gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması;
  • ədəbi dilin normalarına ciddi şəkildə əməl edilməsi;
  • Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi;
  • xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun güclənməsinə dəstək göstərilməsi;
  • xarici ölkələrdə yaşayan soydaşlarımız arasında xalqımızın milli-mənəvi dəyərlərinin təbliği;
  •  xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına və bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi;
  • Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəallığın atırılmasından ibarətdir.

7. Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması

Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır.

Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər cəmiyyətin mənəvi kamilləşməsində, milli-mənəvi dəyərlərə zidd olan təsirlərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Mədəni irsin və milli-mənəvi dəyərlərin dərindən öyrənilməsi, təşviqi üçün ölkəmizdə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit yaradılıb.

Xalqımızın qədim və zəngin mədəniyyətinin, mənəvi dəyərlərinin qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində fəal dövlət siyasəti aparılır. Bu sahədəki uğurlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, folkloruna və incəsənətinə dövlət səviyyəsində yüksək diqqətin nümunəsidir.

Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

  • xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi;
  • milli-mənəvi dəyərlərin inkişafında varislik prinsipinin qorunması;
  • gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması;
  • dünyada gedən qloballaşma prosesinin milli mənəvi dəyərlərə mənfi təsirinin qarşısının alınması.

8. Vətəndaş həmrəyliyinin təminatı

Ölkəmizdə azərbaycançılıq ideyasına əsaslanmaqla müxtəlif ictimai-siyasi qüvvələr, dini-etnik konfessiyalar, mədəniyyətlər arasında konstruktiv əməkdaşlığın və həmrəyliyin təmin olunması istiqamətində ardıcıl dövlət siyasəti aparılır. Milli maraqlarla azərbaycançılıq arasındakı vəhdət dövlət müstəqilliyinin möhkəmlənməsində və ölkəmizin mütərəqqi inkişafında özünəməxsus yer tutur, sivil birgəyaşayışın vacibliyini əks etdirən baxışlar formalaşdırır.

Azərbaycan dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, milli birlik şəraitində yaşayan dövlət kimi tanınır. Multikultural və tolerant mühit cəmiyyətdə dostluq və humanizm prinsipinə əsaslanmaqla vətəndaş həmrəyliyini möhkəmləndirən vacib amilə çevrilmişdir.

Ümummilli məsələlərin xalqımızın maraqları çərçivəsində həllində və Azərbaycanın demokratik yolla inkişafında vətəndaş həmrəyliyi mühüm əhəmiyyət kəsb edir.

Dilindən, etnik mənsubiyyətindən, siyasi və dini baxışlarından asılı olmayaraq ölkə vətəndaşları arasında milli həmrəyliyi təmin etmək YAP-ın əsas məqsədlərindən biridir. Partiya vətəndaş həmrəyliyinin təmin olunması sahəsində aşağıdakı hədəfləri müəyyənləşdirir:

  • ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında həmrəyliyin təmin edilməsi, onların Azərbaycan dövləti ətrafında sıx birləşməsinin möhkəmləndirilməsi;
  • dini-mədəni müxtəlifliyin qorunması, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı;
  • xalqımızın milli-mənəvi dəyərlərində vətəndaş həmrəyliyi ilə bağlı əksini tapmış ideyaların təbliği, multikultural dəyərlərin qorunması və inkişafı;
  • siyasi, sosial və etnik mənsubiyyətindən, dini baxışlarından asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması.

9. Milli maraqlar və xarici siyasət

Ölkəmizin xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi və milli maraqlarımızın əsas götürülməsi kimi prinsiplər əsasında qurulub. Xarici siyasət aparılarkən Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınır, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətləri inkişaf etdirilir.

Azərbaycanın həyata keçirdiyi xarici siyasət ölkəmizi beynəlxalq münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa İttifaqı, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlarla əlaqələrini möhkəmləndirir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması xarici siyasətin əsas prioritetlərindən birini təşkil etmiş və ötən illər ərzində Azərbaycan dövləti bu istiqamətdə çevik siyasi-diplomatik mübarizə aparmış, beynəlxalq birliyi problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırmışdır. Bu sahədə atılan addımlar Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasını təmin edən amillərdən biri olmuşdur.

2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının sayəsində mümkün olmuşdur. Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum, 41-ci Dünya Skaut Konfransı kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin dünya birliyində nüfuzunu artırır.

Azərbaycanda keçirilən “Eurovision - 2012”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 Azərbaycan Qran-Pri yarışı beynəlxalq mədəniyyət, gənclər və idman tədbirləri olmaqla yanaşı, eyni zamanda, multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun qlobal miqyasda inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Milli maraqlara əsaslanan xarici siyasətin aparılması sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

  • dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələrin möhkəmləndirilməsi və bundan ölkəmizin davamlı inkişafında səmərəli vasitə kimi istifadə olunması;
  • regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi;
  • Azərbaycanın beynəlxalq və regional təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi;
  • xarici ölkələrlə iqtisadi, elmi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi;
  •  bəşəriyyəti narahat edən qlobal problemlərin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi.

 10. Ordu quruculuğu

Azərbaycan Respublikasının müdafiə siyasəti dövlətin hərbi təhlükəsizliyini təmin etmək məqsədilə hərbi, siyasi, iqtisadi və sosial tədbirlər əsasında formalaşır, ölkəmizin milli maraqlarının həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidmət edir.

Ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, xalqın və dövlətin milli maraqları, insan, cəmiyyət və dövlətin hüquq və mənafelərinin hərbi-siyasi, habelə digər təhdidlərdən qorunması Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas vəzifələrdir.

Azərbaycanın Silahlı Qüvvələri ən şərəfli dövrünü yaşayır. Silahlı Qüvvələrimizin güclü maddi-texniki bazaya, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhval-ruhiyyəsinə malik olması özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Bütün dünyaya sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.

YAP qəti şəkildə əmindir ki, ordu quruculuğu sahəsində aparılan dövlət siyasəti Azərbaycanın hərbi təhlükəsizliyini daha da möhkəmləndirəcək.

11. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

  • layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;
  • bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;
  • bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;
  • regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;
  • regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;
  • “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.

V. Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya

Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Partiya bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcəkdir.

Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Azərbaycanın modernləşmə yolu ilə inkişafını, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etmək YAP-ın əsas amalıdır. Partiyanın xalqımızın maraqlarına söykənən fəaliyyəti ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edir.

Partiyanın qarşısına qoyduğu məqsəd və vəzifələr öz məzmununa görə Azərbaycanın tərəqqisini təmin etməklə yanaşı, həm də gələcəyə istiqamətlənmişdir.

Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır və 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi bunun növbəti sübutudur. Qələbəni şərtləndirən amillər içərisində Prezident İlham Əliyevin yüksək intellekt və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyət və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynamışdır.

Xalq-dövlət birliyinin möhkəmlənməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi özünü parlaq şəkildə Vətən müharibəsi zamanı göstərdi. Müharibə dövründə ölkə vətəndaşları milli-etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi ki, bu da milli həmrəyliyin və vətəndaş birliyinin təcəssümü idi.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda ruh yüksəkliyi yaratdı. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu, şanlı qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Vətən müharibəsində qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmanı bu kontekstdə mühüm tarixi-siyasi hadisə oldu. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!” şüarı özünün siyasi-hüquqi təsdiqini tapdı. Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı.

YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Partiyada tanınmış ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri, gənclər və qadınlar, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri YAP-ın cəmiyyətdə mövqeyini möhkəmləndirir.

Azərbaycan Respublikası Heydər Əliyev tərəfindən irəli sürülmüş müstəqil dövlətin təməl prinsipləri əsasında yenilənir, müasirləşir və dünya birliyində mövqeləri getdikcə möhkəmlənir. Bu prinsiplər (dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət) Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda gələcək perspektivdə YAP-ın qarşısında duran vəzifələri özündə ehtiva edir.

Demokratik dəyərlərə sədaqət ölkəmizin modernləşmə yolu ilə inkişafını təmin edən mühüm dəyərlərdən biridir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət daşıyır. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

Əhalinin rifahına xidmət edən sosial-iqtisadi inkişaf, müstəqil dövlətin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin və multikultural dəyərlərin inkişafı, ordu quruculuğu sahəsində nailiyyətlər, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, milli maraqlara əsaslanan xarici siyasət, nəqliyyat-enerji təhlükəsizliyinin təmin olunması Azərbaycanın qüdrətli dövlət kimi gələcək inkişaf prioritetlərini müəyyən edir.

Yarandığı vaxtdan indiyə kimi qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Əminik ki, YAP qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı şərəf və ləyaqətlə yerinə yetirəcəkdir.

Dünya sürətlə dəyişir, yenilənir, qloballaşma prosesi yeni çağırışları meydana gətirir, dəyişən dünyamızda azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımız, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.