YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın “yaşıl enerji” gündəliyi yüksək dəyərləndirilir

“Azərbaycanın uğurlu enerji siyasəti və yaşıl gündəliyi beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Son dövrlər ölkəmiz hər iki istiqamətdə fəal müzakirələrin aparıldığı və mühüm qərarların verildiyi məkana çevrilib. İyunun əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirilməsi buna daha bir nümunədir. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində “Euronews” televiziya kanalına müsahibə verərək Azərbaycanın enerji siyasətinin mərhələləri və yaşıl gündəliyi, uğurla baş tutan transformasiya prosesləri barədə  fikirlərini ifadə edib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Birinci Xəzər Neft və Qaz Sərgisi, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Bu tədbirdən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Ölkə neft gəlirləri əldə etməyə başladı və bu, bizim iqtisadiyyatımızın dirçəlməsinə, sosial problemlərin həllinə, neftdənkənar sahələrin inkişafına bir vəsilə oldu. Prezident İlham Əliyev müsahibəsində keçilən yola nəzər salaraq vurğulayıb: “Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi”. Sonuncu Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edib. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatılıblar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır.

Millət vəkilinin sözlərinə görə, müsahibədə Prezident İlham Əliyev ölkəmizin “yaşıl enerji” gündəliyinə diqqət çəkib. Dövlət başçısının qeyd etdiyi kimi, sonuncu Bakı Enerji Həftəsi bir daha göstərdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Prezident İlham Əliyev bu fikri ifadə edərkən ilk növbədə ölkəmizin zəngin potensialına istinad edib. Həqiqətən də,  bu gün “yaşıl enerji”yə keçid dünya üçün bir çağırışdır. Bunu həm innovasiyalar, artan sənaye gücləri, həm də getdikcə ciddiləşən ekoloji tələblər, iqlim dəyişikliyi diqtə edir.

“Azərbaycan beynəlxalq miqyasda ən mötəbər tədbirlərdən birinə - COP29-a ev sahibliyinin məsuliyyətini öz üzərinə götürməklə qlobal iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını bir daha ortaya qoyub. Respublikamız öz nümunəsində təsdiqləyir ki, iqlim çağırışları ölkələr üçün həm də ciddi bir öhdəlikdir. Qeyd edək ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə, Kioto protokoluna, Paris razılaşmasına qoşulan ölkəmiz özü üçün 2050-ci ilədək “sıfır emissiya “ hədəfi müəyyənləşdirib və hesabatlarını vaxtında təqdim edir,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.