YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbədənkənar parlament seçkilərinin təyin edilməsi reallıqdan doğan zərurətdir

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru

Ərazi bütövlüyünü tam təmin edərək qlobal arenada özünün ən qüdrətli dövrünə qədəm qoyan qalib Azərbaycan dövlət olaraq tarixinin qürur dövrünü yaşayır. 44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bunun nəticəsi kimi bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bütün bu möhtəşəm tarixi hadisədən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına imkan verdi. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək, vətəndaşlıq borclarını yerinə yetirdilər. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Qeyd etmək yerinə düşər ki, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Eyni zamanda, Konstitusiyanın 98-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Seçkilərin keçirilməsi müddətinin önə çəkilməsi də bir sıra mühüm məqamlarla əlaqədardır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Ölkə başçısının sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılması və növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır. Eyni zamanda, ilk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək. Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir. Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun olmazdı. Eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcəyi nəzərə tutulur. Təbii ki, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək və paytaxtımız minlərlə qonağı qəbul edəcək. Böyük təbliğat platformalarına çevriləcək bu tədbirlərin Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və postmüharibə reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bütün bunlar daha yaxşı hazırlıq tələb edir və hazırlığın digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir. Buna görə də, Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsün millət vəkilləri tərəfindən dəstəklənməsi reallıqdan doğan zərurətdir və ölkəmizin maraqlarına xidmət edir.