YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın möhkəmlənməsində əsas faktor

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Xarici siyasətində ikitərəfli əməkdaşlığı öndə saxlayan Azərbaycan hər zaman əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə maraq göstərir və bunu atdığı addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyev dekabrın 10-da Serbiyaya işgüzar səfəri çərçivəsində Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bu fikirləri böyük qürur hissi ilə qeyd etmişdir: “Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.”

Cənab İlham Əliyev çıxışında Azərbaycan-Serbiya, Azərbaycan-Bolqarıstan əməkdaşlığı fonunda dostluğun, strateji tərəfdaşlığın nümunəsini diqqətə çatdırmışdı. Qeyd etmişdir ki, strateji tərəfdaşlıq sözdə, sənəddə, əməldə öz təsdiqini tapıb. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən il Azərbaycan Prezidentinin Serbiyaya, Serbiya Prezidentinin Azərbaycana, bu il isə Azərbaycan Prezidentinin Bolqarıstana, Bolqarıstan Prezidentinin Azərbaycana səfəri olub. Dövlətimizin başçısı bildirmişdir: “Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq.”

Dövlət başçısı İlham Əliyevin Serbiya və Bolqarıstan prezidentləri ilə təkbətək görüşü də olmuşdur. Görüşlərdə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfələr xüsusi vurğulanmışdır.

Hər bir səfər günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparmağı bir çağıraşa çevirir. Yeni qəbul olunan qərarların sonrakı dönəmdə həyatda öz əksini tapması münasibətlərin inkişafında öz sözünü deyir. Ölkələr arasında qarşılıqlı etimad mühitinin mövcudluğu əməkdaşlığın möhkəmlənməsində əsas faktordur. Azərbaycanla Serbiya və Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığın təməlində səmimi münasibətlər dayanır. Bu əlaqələr çoxşaxəlidir. Təbii ki, xalqlarımız arasındakı tarixi bağlar da əlaqələrin təməlində dayanan mühüm amillərdəndir. Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç bu dostluğu belə xarakterizə etmişdir ki, Azərbaycan sərhəd baxımından qonşumuz olmasa da, sözsüz ki, qəlbimizdə xüsusi yeri olan dostumuzdur.

Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.  Azərbaycan-Bolqarıstan, Azərbaycan-Serbiya münasibətlərinin dünəninə baxış əsasında gələcəkdə əməkdaşlığın inkişafı barədə aydın təsəvvür yaranır. Enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın böyük gələcəyi var. Keçirilən görüşlərdə müzakirə olunan mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində bildirmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və  Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.

Cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın bərpa olunan enerji potensialından geniş bəhs edərək vurğulamışdır ki, bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin ölkəmiz Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb.  Bununla yanaşı, Albaniya da qazın paylanılmasına dair planlarımıza daxildir. Dövlət başçısı bu çağırışı etmişdir: “Baxın, Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.”

İkitərəfli əməkdaşlığın bütün sahələri əhatə etməsi yeni-yeni hədəflərə, əlaqələrin coğrafiyasının genişləndirilməsinə yol açır ki, bu da öz növbəsində səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması məsələsini aktuallaşdırır. Hər bir ölkə inkişaf modelini, təcrübəsini ortaya qoymaqla bu hədəflərə özünün töhfəsini vermək imkanlarını artırır. Hazırda qarşıda “yaşıl enerji”, karbon neytrallığı ilə bağlı müəyyən çağırışlar var. Atılan addımlarla xalqlar arasında təmasları, mübadiləni gücləndirə, iqtisadiyyat, sərmayə sahələrində əməkdaşlığımıza yeni perspektivlər əlavə edə bilərik. Dünyanın enerji xəritəsini dəyişəcək Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq.