YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Real güc sahibi

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən parlaq Qələbəsindən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Bu gün Prezident İlham Əliyev təkcə ölkəsinin torpaqlarını işğaldan azad edən Müzəffər Ali Baş Komandan deyil, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunması üçün ardıcıl siyasət yürüdən siyasi liderdir. Dövlətimizin başçısı beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe dövlətimizin regionda real güc sahibi olduğunu təsdiq edir. Postmüharibə dövründə Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində yeni format yaranıb.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Praqaya səfəri, keçirdiyi görüşlər və “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, eləcə də televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər bütün dünyanın diqqət mərkəzində oldu.

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur. Belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Ermənistan tərəfindən öz öhdəliyin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.