YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu siyasi dialoq modeli

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. "Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi", - deyən Prezident İlham Əliyevin sistemli və çoxşaxəli iqtisadi-siyasi islahatlarının nəticəsində 2020-ci ildən ölkənin siyasi sistemində yeni münasibətlərin şahidi oluruq. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən, son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Ötən həftə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi. Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğuladı.

Görüşdən də məlum oldu ki, bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Təsadüfi deyil ki, son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər uğurlu siyasi dialoqun, xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi həyata keçirilən islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Belə ki, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı görüşlər keçirilir. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması, azad olunmuş ərazilərə birgə səfərlərin təşkilini xüsusi qeyd etməliyik.