YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğur formulu - müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyevin İtaliyaya səfəri, səfər çərçivəsində keçirilən görüşlər və dövlət başçımızın səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzindədir. Bir neçə məqam xüsusi olaraq diqqəti cəlb edir:

- Tanınmış ekspertlərin, nüfuzlu strateji tədqiqat mərkəzlərinin təhlillərində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındığı xüsusi qeyd olunur, ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılır. Prezident İlham Əliyevin fikirləri, son zamanlar müşahidə edilən proseslər təsdiqləyir ki, Azərbaycan özünün və tərəfdaşlarının maraqlarına, beynəlxalq hüquq normalarına və müasir çağırışlara uyğun xarici siyasət həyata keçirir. Ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə töhfələri dünya miqyasında yüksək dəyərləndirilir;

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal, önəmli rol oynaması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına əlverişli zəmin, yeni imkanlar yaradır. “Qoca qitə” enerji təhlükəsizliyi məsələsində yüksək potensiala malik olan Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir, uzunmüddətli işbirliyi niyyətini aydın ifadə edir. Bir müddət öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir;

- Avropanın digər dövlətləri kimi İtaliya da xarici siyasət kursunda Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Öz növbəsində, Azərbaycan da İtaliya ilə qarşılıqlı faydalı münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı səfərlər isə tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu, işbirliyinin yüksək səviyyədə olmasını və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını göstərir.

Nəticə etibarilə, müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe Azərbaycana yeni imkanlar və uğurlar qazandırır. Tarixi Qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın region dövlətləri və iqtisadi, siyasi güc mərkəzləri, o cümlədən Avropa dövlətləri ilə münasibətlərinin inkişafına güclü impuls - yeni təkan verir.