YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə heç vaxt olmadığımız qədər yaxınıq

“NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində ilk olaraq Azərbaycana gəlməsi vacib əhəmiyyət kəsb edir. Azərbaycan bu gün regionun siyasi-iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəsidir. Eyni zamanda Azərbaycan Cənubi Qafqazda ən güclü Orduya malik bir dövlətdir. 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə son qoymuş, ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün qalib, güclü dövlət kimi regional və qlobal miqyasda söz və nüfuz sahibidir. Bütün bunlara ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi strategiya sayəsində nail olub”. Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında ölkəmizin bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb: “Eyni zamanda Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Məhz ulu öndər Heydər Əliyevin 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalanıb. Elə həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Prezident Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Prezident İlham Əliyev martın 17-də ölkəmizdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq birgə mətbuata verdiyi bəyanatında da bir çox vacib məsələlərə toxunulub. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycanın NATO ilə aparılan dialoqu uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi mövcuddur. Bu müddətdə Azərbaycanla NATO arasında olan tərəfdaşlıq müsbət xarakterizə edilir. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Sözsüz ki, bu ölkəmiz, hərbi qulluqçularımız üçün böyük təcrübə idi. Bu bir reallıqdır ki, 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz Azərbaycan hərbi qulluqçuları olub”. Deputat Azərbaycanın Silahlı Qüvvələrində aparılan məqsədyönlü islahatlar artıq öz müsbət nəticələrini verib: “Bunun nəticəsində ölkəmiz müdafiə imkanlarını müasirləşdirir və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirir. Sözsüz ki, uzun illər davam edən müzakirələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışılırdı. Artıq üç ildən çoxdur ki, bu məsələ həll olunub. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Beləliklə ölkəmizin ərazisi üzərində tam suverenlik bərpa edilib və uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsi formalaşdırılıb. Azərbaycan bu müstəvidə BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək keçmiş münaqişəni hərbi-siyasi yolla həll edib. Cənab Prezidentin də vurğuladığı kimi hazırda ölkəmizin Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir. II Qarabağ müharibəsindən sonra da sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsü ilə baş tutub. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Ölkəmizin başçısının da bildirdiyi kimi “Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”. Sevinc Hüseynova NATO-ya üzv olan ölkələrin qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşı olduğunu söyləyib: “Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Təbii ki, qarşıdan gələn illərdə Azərbaycanın tərəfdaşlarının sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi rolunu yüksək dəyərləndirir. Eyni zamanda Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisi hesab olunur. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırmaqla bu sahədə özünün strategiyasını reallaşdırır”.