YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29-un Azərbaycan üçün əhəmiyyəti

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi qəbul edilir.

Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafın” təşviq edilməsi diqqət mərkəzindədir. Milli ekoloji siyasətlərin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir.

COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır.  Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılması üçün təcrübənin mənimsənilməsində ölkəmizə kömək edə bilər.Eyni zamanda iqlim dəyişikliyi ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını asanlaşdırmaq mümkün olacaq. Azərbaycan ekologiya və iqlim sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də fəal iş aparır. COP29 mövcud qaydaları müzakirə etmək və təkmilləşdirmək imkanı verəcək.

Keçiriləcək konfransın siyası əhəmiyyəti də qaçılmazdır. Belə böyük beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu göstəricisidir. Tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq.

Uzunmüddətli dövrdə isə iqtisadi faydası Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi olacaq. COP29 Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərəcək. Yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu platformada ölkəmizlə bağlı ətraflı informasiyanı çatdırmaq imkanı olacaq.

Azərbaycan yaşıl iqtisadiyyata keçidlə bağlı son 20 ildə görülən işləri təqdim etməklə yaşıl iqtisadiyyata keçid prosesində dəstək qazanacaq, daha yeni texnologiyaların ölkəmizə gətirilməsinə şərait yaranacaq.