YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ənənəvi dostluq və qardaşlıq əlaqələri

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan tarixən neft ölkəsi kimi nüfuz qazanıb. İllər keçdikcə qaz və elektrik enerjisi ixracatçısı kimi də diqqətdədir. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda da bu kimi reallıqlara diqqət yönəldildi. Noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında qeyd etdi ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil: “Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək.” Cənab İlham Əliyev onu da bildirdi ki, bu, sadəcə, başlanğıcdır. Çünki  həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək,  Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub. Bu, yalnız başlanğıcdırş Hədəflərdə  bu məqam xüsusi qeyd edilir ki,  elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik. Bu, tamamilə realdır. Artıq müqavilələr imzalanıb, torpaq sahələri nəinki təkcə seçilib, hətta onlar artıq tikinti üçün də ayrılıb: “Ola bilsin bir neçə aydan, maksimum 3-4 aydan sonra biz mənim dediklərimin hamısını öz gözümüzlə görəcəyik.”

Bərpaolunan enerji resurslarından istifadə üzrə hədəfimizə daha qısa müddət ərzində çata bilərik. Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsinin indi texniki-iqtisadi əsaslandırmasının sonuncu mərhələsidir. Dövlət başçısı bildirdi ki, texniki-iqtisadi əsaslandırma hazır olan kimi biz prosesə başlayacağıq. Biz artıq praktiki cəhətdən bu kabelin Mərkəzi Asiyaya qoşulması imkanını da müzakirə edirik: “Biz layihəni genişləndiririk. Çünki layihə Qara dəniz kabel xətti kimi, yəni, Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihə kimi başlamışdır. Biz layihəni Xəzər dənizinə qədər genişləndirdik və indi biz onu daha da, Xəzərin şərq sahilinə - Qazaxıstana qədər genişləndiririk. Qazaxıstanda və Özbəkistanda bərpaolunan enerji resursları ilə bağlı investisiya layihələrini nəzərə alaraq, nisbətən qısa müddət ərzində bu ölkələr elektrik enerjisi qıtlığı yox, elektrik enerjisi profisiti olan ölkələr sırasına daxil olacaq.”

Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığından bəhs edərkən bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfərini də xüsusi qeyd etməliyik. Səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında iki ölkənin dostluq, qardaşlıq əlaqələrinin uğurlu inkişafından geniş bəhs edildi. Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq. Qırğızıstanın Azərbaycana dostluq, qardaşlıq hədiyyəsi yüksək dəyərləndirildi. Belə ki, sözügedən səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdamda və Füzulidə olaraq burada görülən bərpa-quruculuq işləri ilə yaxından tanış oldular və Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etdilər. Bildirildi ki, tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.

Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə son zamanlar daha fəal təmaslar qurulur. Cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Həmçinin cənab İkham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. 

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Dövlət başçısı İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşdu. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Dövlət başçısı İlham Əliyev bildirir ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. Cənab İlham Əliyev bildirir ki, istər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk.