YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri davamlıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən ölkə ilə yanaşı, digər iştirakçı dövlətlərin də malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlər, həmçinin tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yardımçıdır. Dünyanın 70-dən çox ölkəsindən 350-dən artıq qonağın iştirak etdiyi  XI Qlobal Bakı Forumunda  dövlət başçısı İlham Əliyev 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və  postmünaqişə dövrünün gerçəkliklərini əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır” söyləyən cənab Ilham Əliyev, həmçinin bildirdi ki, ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.

Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdi. Cənab İlham Əliyev onu da vurğuladı ki,  uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə  hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.

Prezident İlham Əliyevin çıxışında bu mühüm məqam da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.  İndi Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.

Reallıq budur ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. İşğalçı dövlət erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. Beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda  görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunaladan bəyan edirdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Təbii ki, dünyanın ikili standartlara əsaslanan siyasəti problemin həllinin 30 il uzanmasında az rol oynamadı. Əgər zamanında Ermənistana BMT qətnamələrinin icrasına məcbur edilsəydi, sanksiyalar tətbiq olunsaydı, münaqişə özünün ədalətli həllini zamanında tapardı. Azərbaycan  özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdi. Ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.

Prezident İlham Əliyev postmünaqişə dövrünün əsas çağırışı olan   regionda dayanıqlı sülhə nail olmaq üçün Ermənistana təklif edilən, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsindən də danışaraq bu çağırışın  reallığa çevrilməsindən sonrakı dövrün aydın mənzərəsini təqdim etdi. Bir daha bildirdi ki, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq.

Dövlətimizin başçısının bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze və NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşlərində, eyni zamanda mətbuata bəyanatlarında da bu kimi məsələlər xüsusi diqqətdə oldu. Reallıq budur ki, Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən  siyasəti nəticəsində xarici siyasət uğurları biri-birini  əvəz edir. Azərbaycanın region, həmçinin dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri uğurla inkişaf edir.

Azərbaycan-Gürcüstan münasibətlərinin timsalında regional əməkdaşlığa verilən töhfələri aydın görmək mümkündür. Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən  etibarlı töhfədir.  Ölkəmizin   enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında  ən önəmli  tərəfdaş, tranzit bölgə kimi, xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə  malik  əlaqələri daha da təkmilləşir.  Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da  intensivləşən   münasibətlərimiz  yaşıl enerji layihəsinin reallaşması ilə daha da möhkəmlənəcək. Dövlət başçısı İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Dövlət başçısı İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında da enerji təhlükəsizliyi məsələləri geniş müzakirə edildi. Cənab İlham Əliyev bu faktı xüsusi vurğuladı ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir: “Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.”

Azərbaycanın yaşıl keçid gündəliyindən geniş bəhs edən cənab İlham Əliyev diqqəti ölkəmizin ev sahibliyi edəcəyi COP29-a yönəltdi: “Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.”

Azərbaycan ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında maraqlıdır. Bunun üçün bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Hazırkı dövrün əsas çağırışlarından biri iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir ki, Azərbaycan bu istiqamətdə də atdığı addımları  ilə diqqətdədir.