YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi plüralizmin təzahürü

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Təkmil inkişaf modeli ilə dünyanın diqqətində olan Azərbaycan yeniləşmədə, təkmilləşmədə maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hər bir ölkənin inkişafında dövrün, zamanın tələblərinə uyğun islahatlar prosesi əhəmiyyətli rol oynayır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması həyata keçirdiyi islahatların təqdimatıdır.  Dövlət başçısı İlham Əliyevin “Biz dərin islahatlar dövrünə qədəm qoyuruq” çağırışı ötən dövrün uğurları fonunda gələcəyə baxış kimi dəyərləndirilir. Azərbaycan məqsədyönlü islahatlar əsasında daha da güclənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla irəliləyir, gələcəyin real təminatını yaradır, sosial dövlət imicinə yeni əlavələr etməklə vətəndaşının rifahını daha da  yüksəldir. İslahatlar siyasətinin davamı kimi 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərini qeyd etməliyik. Ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqandan da yan keçməməsi üçün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, daim Azərbaycanın tərəqqisinə, xalqın yüksək rifahına xidmət edən təşəbbüsləri ilə ictimaiyyətin rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı.

Dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycanın uğurları fonunda qarşıda dayanan vəzifələrdən geniş bəhs edərək islahatların yeni mərhələsinin 2018-ci ilin prezident seçkilərindən sonra başlandığını bildirmişdir.  İslahatlar  ardıcıl şəkildə aparılır və Azərbaycan sözü ilə əməli arasında heç bir fərqin olmadığını dünyaya nümayiş etdirir. Ölkə Prezidenti yeni formalaşmış parlamentin qarşısında dayanan vəzifələri də açıqladı. Qeyd etmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Mövcud qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. Qəbul edilmiş qanunların icrasına nəzarət edilməlidir.

Yeni parlamentin formalaşmasından ötən dövr ərzində Azərbaycanın həyatında baş verən yeniliklərə, ölkəmizin atdığı biri-birindən əhəmiyyətli addımlara və qazanılan uğurlara diqqət yetirmək kifayətdir. Təbii ki, bu uğurlar daha mütərəqqi qanunların qəbulunu zərurətə çevirir. Hazırda ölkəmiz yeni dövrə qədəm qoyub.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni reallıqlara yol açıb. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət büdcəsində də torpaqlarımızın bərpasına, yeni həyatın başlanmasına böyük həcmdə vəsait ayrılır. Milli Məclis hazırkı dövrün tələblərinə uyğun olaraq yeni qanunlar qəbul edir, həmçinin mövcud qanunları təkmilləşdirmək üçün onlara əlavə və dəyişikliklər edilir. Bütün addımların təməlində dövlətimizin daha da qüdrətlənməsi, xalqın yüksək rifahının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması dayanır. Dövlət başçısı qeyd olunan çıxışında deputatlarımızın qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, onlardan da biri seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə mütəmadi görüşlər keçirib onları narahat edən məsələlər ətrafında fikir mübadiləsinin  aparılması və aidiyyatı qurumlara çatdırılmasıdır.

9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bu qənaəti böyük inamla qeyd edə bilərik ki,  bütün siyasi qüvvələrin iştirakı əsasında çoxpartiyalı parlament formalaşdı. Milli Məclis siyasi sistemin təkmilləşdirilməsi işində çox böyük rola malikdir. Ölkəmizdə  çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulub. Qanunvericilik bazası təkmilləşdirilir. Yeni “Siyasi partiyalar haqqında” qanunun qəbulu bu istiqamətdə mühüm addımların atılmasına stimul verir.

Azərbaycanın demokratik, hüquqi dövlətdir. Digər sahələr kimi, demokratik islahatların təkmilləşdirilməsi istiqamətində də ölkəmizin  təcrübəsi nümunədir. Demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, atılan addımlar Azərbaycanın hərtərəfli inkişafı üçündür.

Dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında belə bir əminliyi də ifadə etmişdir ki, bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Azərbaycan parlamenti bu işdə fəal olacaq.