YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix heç nəyi unutmur

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Xocalı faciəsi iki yüz il  müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.  Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir.  Dövlətimiz ən yüksək tribunalardan  erməni vəhşiliklərini dünyaya çatdırır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib.  1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə ermənilərin yenidən baş qaldıran torpaq iddiası,  erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistana  qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. Atılan hər bir addım birliyimizin, həmrəyliyimizin, milli təəssübkeşliyimizin göstəricisi olmaqla yanaşı, dünyaya bir çağırışdır. Birliyimiz sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərə necə imza atdıqsa,  həmçinin bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi necə tam bərpa etdiksə, Xocalı faciəsini törədənlərin layiqli cəzalarını almalarında da həmrəyliyimizi nümayiş etdirəcək, ədalətin və beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya sübut edəcəyik. Azərbaycanın hər bir addımı bu prinsiplərə söykənir və əksər dünya güclərindən də bu, tələb olunur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edərkən bu reallığı da xüsusi qeyd edir ki,  ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,  böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik,  aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşır, hesab edirdi ki torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ermənilərin xəyallarla yaşadığını təsdiqlədi. Azərbaycan bir qarış belə torpağını düşmənə vermədiyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilən bütün torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Xocalı faciəsi qurbanlarının, bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşub.