YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda məntəqələrdə səsvermə mütəşəkkil qaydada keçir

Xətai rayonunda seçicilərin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsverməsi üçün məntəqələr fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir.

Seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədə səs verir. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.

Rayon ərazisində dörd seçki dairəsinin dairə seçki komissiyaları (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai–Suraxanı) və 157 məntəqə fəaliyyət göstərir. Xətai rayonunda məntəqələr üzrə 170 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.

Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir.

Dairə seçki komissiyasının sədri Gülnarə Salmanova AZƏRTAC-ın müxbirinə açıqlamasında diqqətə çatdırıb ki, məntəqələrdə seçkilərin demokratik şəraitdə keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb. Seçki məntəqələri lazımi inventar və avadanlıqlarla, o cümlədən seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təchiz olunub. Dairənin əhatə etdiyi seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb.

Bütün məntəqələr təbliğat lövhələri ilə təmin edilib. Bu lövhələrə prezidentliyə namizədlərin seçki platforması vurulub və onların hər birinə bərabər şərait yaradılıb.

O qeyd edib ki, seçici sayının ən çox olduğu məntəqələr Heydər Əliyev adına Liseyin yerləşdiyi 1300-dən çox seçicisi olan 3 və 4 saylı, həmçinin 9,10 saylı məntəqələrin yerləşdiyi 55 saylı məktəbdir. Ümumiyyətlə seçki məntəqələrində ilk saatlardan seçici aktivliyi müşahidə olunur.

35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasının üzvü Arif Əhmədov deyib ki, hazırda seçki dairəsinin ərazisində 41 daimi seçki məntəqəsi mövcuddur. Eləcə də seçki dairəsi üzrə 50 mindən çox seçici qeydə alınıb. Hərbi hissə və xəstəxanalarda yerləşən əlavə 6 məntəqə yaradılıb. Təşkil olunmuş əlavə məntəqələrdə təxmini 4 min seçicinin səs vermək imkanı var. Məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün bütün lazımi işlər görülüb.

O bildirib ki, səsvermə mütəşəkkil qaydada davam edir. Bu seçki dairəsi üzrə çox sayda yerli və xarici müşahidəçi qeydiyyatdan keçib. Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə məlumat daxil olmayıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Seçkilərin gedişini fasiləsiz izləyən yerli müşahidəçilərdən əlavə, müxtəlif dövlətləri təmsil edən beynəlxalq müşahidəçilər də məntəqələrdə olublar.

Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, istədikləri namizədə səs verirlər. Seçki məntəqələrinin sədrlərinin verdikləri məlumatlara görə, seçkilərdə iştirak edən seçicilərin fəallığı çox yüksəkdir. Məntəqə seçki komissiyasının üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşır.

Məntəqələrdə səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri izləyirlər.

Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitin yaradılmasından razılıqlarını ifadə edirlər.