YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik tariximizdə ilk!

Zəfər seçkisi işğaldan azad edilmiş ərazilərimizdə böyük ruh yüksəkliyi ilə keçirilir

Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Zəfər seçkisi adlandırılan bu seçki ilə bağlı səsvermə prosesi işğaldan azad edilmiş ərazilərimizdə də təşkil olunub.

Xankəndi şəhərində də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər keçirilir. 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.

Seçki məntəqəsinin sədri İmran Mirzəyev bildirib ki, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub və hazırda seçici fəallığı müşahidə olunur.

Prezident seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində isə seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb. Saat 8:00-da Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində səsvermə prosesinə start verilib. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər. Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova bildirib ki, məntəqə üzrə 1222 seçici qeydə alınıb.

İşğaldan azad olunan Füzuli şəhərində də məskunlaşan sakinlər, eləcə də burada çalışanlar prezident seçkilərinin səsvermə prosesində ruh yüksəkliyi ilə iştirak edirlər. Onlar burada yaradılan 3 məntəqədə səs verirlər.

Füzulidə seçici fəallığı müşahidə edilir. 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb. Seçicilərdən 3619 nəfəri işğaldan azad olunan ərazilərdə qeydiyyata alınanlardır. Belə ki, seçkilərin davam etdiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir. 75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır.

Laçın rayonunda isə ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 3-ü Laçın şəhərinin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. Bu ərazidə də doğma yurdlarına qayıtmış insanlar və çalışanlar işğaldan azad edilmiş ərazilərdə təşkil olunan seçkilərdə iştirak etmək sevincini yaşayırlar.

Zəngilan rayonunun Ağalı kəndində də seçicilər yüksək əhval-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad edilən Zəngilan ərazisindəki məntəqələrdən olan 33 saylı seçki məntəqəsi Ağalı kəndinin məktəbində fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının sədri Əli Mönsümövün verdiyi məlumata görə, məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakinlərdir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.

Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edirlər.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də fəallıq müşahidə edilir. Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsi üzrə 615, Ağbənd qəsəbəsində olan 62 saylı seçki məntəqəsi üzrə isə 561 nəfər seçici qeydə alınıb. 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının Qubadlı rayonu üzrə fəaliyyət göstərən Xanlıq kəndi ərazisindəki 63 saylı seçki məntəqəsi üzrə 1387 seçici səs verə biləcək. Onların əksəriyyəti Zəngilan rayonu ərazisində çalışan işçilərdir.

Bütövlükdə, keçmiş məcburi köçkünlər və işğaldan azad edilmiş ərazilərin bərpası prosesində çalışan həmvətənlərimiz Azərbaycanın bütövlüyü şəraitində keçirilən ilk seçkilərdə iştirak etməkdən ikiqat sevinc və qürur hissi keçirdiklərini vurğulayıblar.