YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq

Anar Məmmədov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır. 24 dekabr tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirməsi və görüşdəki çıxışı da bu istiqamətdə bütün qərbi azərbaycanlılara ünvanlanmış bir mesaj idi.

Məlum olduğu kimi, 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunub, azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib. 1988-1989-cu illərdə isə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Məhz bundan sonra Ermənistan parlamentinin qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. Bu baxımdan cənab İlham Əliyev 24 dekabr tarixindəki çıxışında  bildirdi ki, Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməli, Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bir sözlə, bütün tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. 

Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. Bir daha vurğuladı ki, “Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır”.

Bəli, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildikdən sonra həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər, tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. Bundan başqa, qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda və digər ərazilərdə Azərbaycana aid tarix-mədəniyyət abidələrlə bağlı tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində də vacib addımlar atılır. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan dövləti tarixi torpaqlarımızda xalqımızın tarixi-mədəni irsinə qarşı törədilən cinayətlərin Ermənistanın məqsədyönlü dövlət siyasəti olduğunu dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırmaq üçün həyata keçirdiyi sistemli tədbirləri bundan sonra da davam etdirəcək və biz şəhərlərimizi, kəndlərimizi əsl türk adlarına yenidən qovuşduracağıq.