YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya ilə Avropa arasında...

Yaponiyan “newsweekjapan.jp” saytı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanovun “Daily Telegraph” qəzetində dərc olunan məqaləsindən yazıb.

Müəllifi tanınmış analitik Мasato Кimura olan yazıda E.Süleymanovun “Qafqazda sülhün bərpası” adlı məqaləsindən bəhs olunur. Bildirilir ki, azərbaycanlı diplomatın məqaləsində Azərbaycan Böyük Britaniya üçün strateji əhəmiyyətli ölkə kimi təqdim edilir.

Həmçinin məqalədə Azərbaycanın dünyada həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə dövlət kimi yerləşməsi, Avrasiyanın üzləşdiyi təlatüm və qarışıqlıqlar zamanı əhəmiyyətinin artması vurğulanır. Cənubi Qafqazın yenidən Asiya ilə Avropa arasında əlaqə, şaxələndirilmiş enerji üçün əsas mənbə, Mərkəzi Asiyaya giriş qapısı kimi meydana çıxdığı bildirilir. Ətraf regionda baş verən hadisələr fonunda Cənubi Qafqazın strateji əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərində sentyabrda baş verən döyüşlər bölgədə sülh və təhlükəsizliklə bağlı narahatlıqları artırır. Nəticədə Avropa İttifaqının (Aİ) səylərinin davamı olaraq, ABŞ da öz növbəsində dövlət katibi Entoni Blinkeni Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanı isə azərbaycanlı və erməni həmkarları ilə bir araya gətirərək ciddi diplomatik gedişlər edib.

Bildirilir ki, keçmiş Sovet İttifaqının dağılmasından sonrakı 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının qeyri-qanuni işğalı və mülki azərbaycanlı əhalinin yurd-yuvalarından didərgin düşməsi, regionda inkişaf və sabitliyə başlıca əngəl idi. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda davamlı sülhün və normallaşmanın təmin edilməsinə şərait yaradıb. Hərbi əməliyyatların dayandırılmasından dərhal sonra Azərbaycanın normallaşma istiqamətində addımlar atdığı və o vaxtdan ərazi bütövlüyünün qarşılıqlı tanınması, iqtisadi əlaqələrin bərpası və sərhədlərin müəyyənləşdirilməsini özündə əks etdirən sülh sazişi istiqamətində beş bəndlik yol xəritəsi hazırladığı qeyd edilir.

Məqalədə Ermənistanın Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatı imzalamasına baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməkdə kifayət qədər məsuliyyət göstərmədiyi qeyd olunur.

Yazıda, eyni zamanda, Azərbaycanın yaxın gələcəkdə Avropaya təbii qaz tədarükünü ikiqat artırmağı planlaşdırdığı barədə məlumat da öz əksini tapıb. Qeyd edilib ki, Mərkəzi Asiya dövlətlərinin Bakı ilə əməkdaşlıq çərçivəsində Avropaya uzanan kommunikasiya dəhlizlərinə qoşulması sülhün səmərəliliyini artırmağa imkan yaradıb.

Bildirilir ki, son 30 ildə Azərbaycan qərb dövlətləri ilə təhlükəsizlik, enerji şaxələndirilməsi və regional əməkdaşlıq üzrə tərəfdaşlığa güclü diqqət yetirməklə balanslaşdırılmış müstəqil siyasət yürüdür. Ermənistan isə öz növbəsində xarici asılılıqlarını durmadan dərinləşdirir.