YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiram

27 Sentyabr - Anım Günü ilə əlaqədar Yevlaxda Vətən müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, RİH başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Yevlax Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək, xatirələrinə ehtiramlarını bildiriblər. Sonra ağacəkmə aksiyası keçirilib.

Daha sonra Bəşir Səfəroğlu adına Xalq Teatrında Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Anım Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhidlərimizin ruhları şaddır.

Anar Tağıyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan da danışıb.

Diqqətə çatdırılıb ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Həmin günlərdə Yevlax sakinləri də böyük vətənpərvərlik duyğuları nümayiş etdirdilər. Yevlaxlılar tarixi Qələbənin qazanılmasında öz sözlərini dedilər. İki il öncə yüzlərlə Yevlax sakini Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri ilə Qarabağ uğrunda savaşa atıldı. Yevlaxlı igidlər Suqovuşandan Şuşayədək qəhrəmanlıqla döyüşdülər. Qarabağın hər bir qarışında Yevlaxın igid övladlarının da qanı var.

Bildirilib ki, şəhidlərimizin əziz xatirələri Yevlaxda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib və bu işlər davam etdirilir.

Mərasimdə “Seyid Yusif Ağa” ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov və başqaları çıxış edərək şəhidlərin qəhrəmanlıqlarından danışıblar.

Ehsan süfrəsində, həmçinin Yevlax Cümə məscidinin imamı hacı Eldəniz Əhmədov tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Ehsan mərasimi zamanı şəhidlərin xatirəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

Şəhid ailələri və qazilər çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.