YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Şirxan Quliyevin doğum günü qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən Bakı, Qəbələ, Ağcabədi, Beyləqan gəlmiş şəhid ailələri də iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirələrinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrinə dualar oxunub.

Tədbirdə çıxış edən Xocavənd RİH başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Şirxan Quliyevin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib.

Bildirilib ki, hələ uşaqlıq dövründən vətənpərvərliyi ilə fərqlənən Şirxan orta təhsilini başa vurduqdan sonra Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Xidmətini başa vursa belə, Vətən həsrəti onu yenidən ordu sıralarında xidmət etməyə vadar edib. 2015-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində özünü qorxmaz döyüşçü kimi təsdiq edən Şirxan sonrakı xidmət dövründə hərbçilər arasında atıcılıq üzrə keçirilən yarışların dəfələrlə qalibi olub. Şirxan Quliyev 44 günlük Vətən müharibəsinin ilk günündən torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə atılıb, noyabrın 6-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.