YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhpərvər və ədalətli mövqeyimiz beynəlxalq aləmə nümunədir

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Bu gün Azərbaycanın apardığı uğurlu diplomatiya və balanslaşdırılmış siyasət sayəsində ölkənin gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan yüksəlir.  Artan gücümüz və ədalətli mövqeyimiz dünya birliyi tərəfindən yüksək qəbul edilir və beynəlxalq əlaqələrimiz artmaqda davam edir. Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir.

Son illərdə ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya dövlətlərinin Azərbaycana olan yüksək münasibəti təcəssüm etdirir. Təsadüfi deyildir ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədirlik edib. Hazırda isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir.  COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycana verilən yüksək beynəlxalq dəyərdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin  aprelin 25-də Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi dövlətimizin başçısının beynlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir.  Görülən işlərin və əldə olunan nailiyyətlərin əsasında nəyi, nə vaxt, necə etməyi yaxşı bilən Prezident İlham Əliyevin misilsiz əməyi, mükəmməl strategiyası və uğurlu siyasəti dayanır.

Məlum olduğu kimi, son vaxtlar beynəlxalq münasibətlər kontekstində Almaniya-Azərbaycan əlaqələri də öz sürətli inkişaf dövrünü yaşayır.  Prezident İlham Əliyev  Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfəri zamanı müzakirə olunan məsələlər bunu təsdiq edir. Berlində keçirilən forumda və yüksəksəviyyəli ikitərəfli görüşlər zamanı COP29-a həsr olunmuş fikir mübadiləsi öncüllük təşkil etsə də, regional təhlükəsizliklə bağlı məsələlərə də xüsusi yer ayrılması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin və Kansler Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında da söylədikləri fikirlər, cənab İlham Əliyevin ədalətli və sülhpərvər mövqe sərgiləməsi, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini növbəti dəfə xatırlatması müxtəlif bəhanələrlə Azərbaycanı qərəzli şəkildə hədəfə alan təşəbbüslərin ədalətsizliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Almaniya Kanslerinin mətbuata verdiyi açıqlaması zamanı “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir” deməsi isə onun ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini ifadə edir.

Bu gün dünyanın mühüm siyasi mərkəzlərindən olan Almaniya Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır, hazırda Azərbaycanda çoxlu 180-dən çox alman şirkəti uğurla fəaliyyət göstərir.  Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Azərbaycan artıq xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq Avropaya yaşıl enerjini ixrac etmək üçün mühüm işlər görülür və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.      

Onu da qeyd edək ki, ölkə başçısının Almaniyaya işgüzar səfərə məhz Füzuli hava limanından yola düşməsi həm də torpaqlarımızın işğaldan azad olunaraq süverenliyimizin tam bərpasının tarixi bir gerçəklik olduğuna beynəlxalq diqqətin növbəti dəfə cəlb edilməsi baxımından xüsusi siyasi çəkiyə malikdir. Digər tərəfdən, bu açıqlama insan hüquq və azadlıqları adı altında Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsində irəli sürülən əsassız iddialara və ABŞ-də ölkəmiz əleyhinə sanksiya çağırışı edən bir qrup konqresmenin ədalətsiz təşəbbüsünə ən obyektiv və tutarlı cavabdır.

Ən əsası, üzləşdiyimiz haqsızlıqlara, bəzilərinin hüquq normalarını aşmasına baxmayaraq, Prezident İlham Əliyev Berlində həm ev sahiblərinə, həm də beynəlxalq birliyə Azərbaycanın sözdə və əməldə sadiq olduğu mesajını verərək “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq” deməsi ölkəmizin ədalətli mövqeyinin və sülh tərəfdarı olmasının bariz nümunəsidir.