YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan sülh müqaviləsini sabotaj edir

“Eurasia Review” nəşrində azərbaycanlı politoloq Şəbnəm Həsənovanın “Ermənistan sülh müqaviləsini sabotaj edir” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif məqalədə ilkin olaraq ötən müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsini, müxtəlif üsul və metodlardan istifadə edərək üzərinə götürdüyü öhdəliklərdən yayınmasını bütövlükdə üç hissədə təqdim edir. Birincisi, Ermənistanın hərbi-silahlı təxribatları, ikincisi, üçtərəfli Bəyanatda açıq-aydın göstərilən və Ermənistanın da icrasını üzərinə götürdüyü bəndlərin təhrifi, üçüncüsü, minaların yerləşdirilməsi prosesini davam etdirməsi, ekoloji təxribatlar həyata keçirməklə prosesin bilərəkdən uzadılması və nəhayət, imzalanması təklif olunan sülh müqaviləsinin sabotaj edilməsi. Politoloq yazıda ehtiva olunan bəndlərə ardıcıllıqla toxunur, vəziyyəti detallar üzrə təhlil edir.

Müəllif diqqəti “QİSAS” əməliyyatına çəkərək Ermənistanın öz hərəkətləri ilə iki ölkə arasındakı problemin siyasi yolla həllinə maneə yaratdığını bildirir. Vurğulayır ki, Azərbaycan regionda tezliklə dayanıqlı sülhün yaranmasında maraqlı olan dövlətdir. Diqqətə çatdırılır ki, Azərbaycanın ilkin olaraq başlıca istəyi, məqsədi və tələbi Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyinə müvafiq olaraq qanunsuz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etməsidir.

Politoloq məqalədə Ermənistanla Azərbaycan arasında mövcud təmaslara Azərbaycanın deputatları, ictimai xadimləri tərəfindən və bütövlükdə cəmiyyətdəki mövcud fikir prizmasından necə dəyərləndirildiyinə diqqət çəkir. Bildirir ki, gündəlikdəki məsələlər yerinə yetirilmədikdə, danışıqları təşkil edənlər öhdəliklərin icrası üçün prinsipiallıq göstərmədikdə yenidən güc tətbiqinə ehtiyac yaranacaq. Ermənistanla danışıqların hərbi komponentsiz ötüşmədiyi, yəni, hərbi-siyasi xarakter daşıdığı bildirilir. Sosial Tədqiqatlar Mərkəzinin tərəfindən aparılan və nəticə olaraq Azərbaycanda rəyi öyrənilənlərin 80 faizinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının aparılmasının Azərbaycan xalqı tərəfindən də dəstəklənildiyi sorğunu emprik əsas kimi göstərir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən Laçın şəhərində, Zabux və Sus kəndlərində Cenevrə konvensiyalarına zidd olaraq ermənilərin qanunsuz yerləşdirilməsi məsələsinin qaldırıldığı qeyd olunur. Bu fikrin Laçın rayonunun Sus kəndinin sakinləri tərəfindən də vurğulandığı diqqətə çatdırılır. Əlavə edilir ki, kəndin əsl sahibləri doğma yurdlarına geri dönəcəkləri günü gözləyirlər.

Müəllif Ermənistanın mina terrorunu da davam etdiyini xatırladır və ötən müddət ərzində basdırılan minaların sayı, həyatını itirən, xəsarət alan insanlar ilə bağlı statistikanı təqdim edir.

Məqalənin müəllifi, həmçinin Azərbaycan-Ermənistan əlaqələrinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından ayrı təsəvvür edilmədiyini vurğulayır, tarixi düşmənçilikdən sonra sülhə dəvətin də asan olmadığını diqqətə çatdırır. Bu məqam da vurğulanır ki, Azərbaycan xalqı böyüklük, bu xalqı təmsil edən Lider isə siyasi iradə, qətiyyət, praqmatik siyasət, uzaqgörənlik, strateji təmkin nümayiş etdirir, məsuliyyətli, nəcib addımlar atır, hər hansı bir status və ya xüsusi imtiyaz olmadan bölgədə qalan erməniləri dinc yolla Azərbaycan vətəndaşı olmağa dəvət edir. Sonda isə multikulturalizmin Azərbaycanda nəinki dövlət siyasətinin prioritet istiqaməti, eyni zamanda, Azərbaycan cəmiyyətinin gündəlik həyat tərzi olduğu xüsusilə vurğulanır.