YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri ilə zəmanəmizin əbədiyaşar Lideridir

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

Dünya tarixinə nəzər salsaq hər bir xalqın və ya millətin taleyində keşməkeşli mərhələlər olduğunun şahidi oluruq. Sözsüz ki, xalqlar və ya millətlər dünya birliyində varolmaları üçün müəyyən mücadilə və mübarizələr aparmışlar. Tarixi gerçəklik odur ki, bu mübarizələr heç də hər millətin taleyində uğurlu olmayıb. Aci da olsa deməliyik ki, elə xalqlar var ki, apardığı mübarizə fəlakətlə nəticələnibdir. Azərbaycan xalqı da çoxəsrlik tarixi mövcudluğu dövrdə çox enişli-yoxuşlu, bəzən acı, bəzən faciəvi mərhlələrdən keçib. Xalqımızın taleyində uğurla uğursuzluq bəzən bir-birini əvəz edib. Ən əsası isə millətimiz heç vaxt zülmə boyun əyməmiş, mübarizə dolu şərəfli bir yol keçərək üçüncü minillikdə dünya tarixinə möhtəşəm və misli bərabəri olmayan Zəfər salnaməsi yazıbdır. Ümumiyyətlə təkcə son yüz ilə nəzər yetirsək görərik ki, xalqımız bir neçə dəfə sınağa çəkilmişdir. Çox təəssüf ki, bəzən faciələrlə nəticələnmişdir. Əslində dünya təcrübəsində də aparılan bütün elmi araşdırmalar da göstərir ki, xalqların olum və ölüm mübarizəsi ancaq və ancaq o xalqın inandığı və arxasında gedəcəyi Lider olduqda uğurla nəticələnə bilər. Təkcə ötən əsr ərzində xalqımızın üzləşdiyi ən böhranlı məqamlarda biz bunun dəfələrlə şahidi olmuşuq. Nə qədər ürəkağrısı olsa da deməliyik ki, xalqımızın taleyində baş vermiş bu böhranlı hadisələrdə biz dəflərlə Liderin həlledici rolunu görmüşük. Məhz bir çox hallarda Lider nəinki öz xalqının hətta çağın tarixini dəyişmişdir. 15 iyun 1993-cü il tarixi də dünya tarixində bir xalqın tarixində baş vermiş ən ağır durumunda Liderin həyati rolunu sübut etmiş bir gündür. Məhz bu gün Azərbaycan adlı məmləkətin dünya coğrafiyasında necə yer alacağı gündür. O günün hər saniyəsi cəfakeş və fədakar xalqımızın taleyində həlledici rola malik idi. Ölkəmiz parçalanmaq, Vətəndaş savaşına sürüklənmiş, ərazilərimiz işğal olunur, bütün sahələr böhranda, respublika rəhbərlərinin bəzisi qaçmış, bəzisi gizlənmiş, bəzisi də fəaliyuətini dondurmuşdu. Fəxrlə deməliyik ki, bugünkü əldə etdiyimiz hər bir uğur və nailiyyət hətta 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfərimiz belə Milli Qurtuluşdan keçir. Bu mənada 15 İyun Azərbaycanın müstəqilliyinin qorunmasının, dövlətimizin var olmasının, dövlətçiliyimizin gücləndirilməsinin, xalqımızın məhv olmaqdan xilas edilməsinin, eyni zamanda müasir və güclü Azərbaycanın təməl daşının qoyulduğu gündür. Bir tərəfdən 15 iyun Azərbyacan xalqının qurtuluşudursa digər tərəfdən də Azərbaycan tarixinin dönüş nöqtəsidir. Bildiyimiz kimi XX əsrin sonlarında Sovetlərin dağılması ilə xalqımız yenidən dövlət müstəqilliyinə qovuşdu. Lakin çox təəssüf ki, o dövrdə Avradiya coğrafiyasında baş verən geosiyasi proseslər fonunda ölkəmiz çox keçmədən böyük təhlükələrlə üzləşmiş oldu. Həqiqətən də o dövrü böyük bir məkanda və bir çox xalqların taleyində mühüm təsiri ilə xarakterizə etmək olar. O dövrdə baş verənləri ulu öndərimiz Heydər Əliyev belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Qeyd etdiyim kimi, dövlətidarəçiliyinfəki xaos və təsadüfü insanların ölkə rəhbərliyində təmsil olunması həmin dövrdə Azərbaycan dövlətçiliyinin mövcudluğuna çox ciddi təhlükə və təhdid yaratmışdı. Ölkədəki hərc-mərclik, AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyini iflic etmişdi. Ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1991-сi ilin əvvəllərindən başlayaraq, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Elə bir durum yaranmışdı ki, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz xalqımızın Milli Liderinin xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Bakıya, respublika rəhbərliyinə qayıdışı faciələrin qarşısını aldı. Qeyd etdiyim kimi, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Bütün ölkə ictimaiyyəti, eləcə də sadə xalq inanırdı ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni bu ağır və dözülməz vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilər. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndərimiz xalqın çağırışına səs verərək Bakıya qayıtdı və gənc müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Bununla da Ulu Öndərimiz özünün də dəfələrlə qeyd etdiyi kimi bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr edərək çağdaş tariximizə müstəqilliyimizin memarı, müstəqil Azərbaycanın banisi kimi yazıldı. Bu gün bütün bəşətiyyət də bilir ki, görkəmli şəxsiyyət, dünyanın tanınmış dövlət adamı Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri ilə zəmanəmizin əbədiyaşar Lideridir. Əziz xalqımız özünün böyük xilaskarının xidmətlərini daim minnətdarlıqla xatırlayır, onun zəngin irsindən bəhrələnir. Hər il xalqımız ən əlamətdar bayram kimi Milli Qurtuluş Gününü qeyd edərkən əbədiysşar Liderə olan ehtiramını bildirir. Artıq 1997-ci ildən ölkəmizdə hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra isə Azərbaycan xalqı Milli Qurtuluş Gününü yeni ruhda, sonsuz sevinc hissi və qürurla qeyd edir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun ən böyük arzusunu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuz, gerçəkləşdirdi. Bu arzu şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına həyata keçdı. Bildiyimiz kimi Ulu Öndərin ən böyük  arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Onun çıxışlarının birində: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”,- söylədiyi fikirlər həm möhtərəm Prezidentimizin, həm də bütövlükdə xalqımızın fəaliyyətinin yol xəritəsi və mayakı idi. Bu həm də müasir dövlətimizin banisinin ruhu qarşısında bizlərin vəzifə öhdəliyi idi. Bu gün iftixarla deyə bilərik ki, möhtərəm cənab Prezidentimizin yüksək səviyyədə Ulu Öndərin siyasi kursunu davam etdirməsi və daha da zənginləşdirməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən, beynəlxalq aləmdə nüfuzu ildən-ilə artan dövlətə çevrilibdir. Bugün artıq ölkəmizin və xalqımızın gələcək inkişafında yeni üfüqlər açılıbdır. Sözsüz ki, bu üfüqlər Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə yaranıbdır. Müzəffər Ali Baş Komandanımız azad edilmiş torpaqlarda unikal infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu gün hər kəs, bütövlükdə xalqımız əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth ediləcəkdir. Yolun açıq və uğulu olsun Azərbaycan.