YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayının məhz Şuşa şəhərində keçirilməsi mənəvi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşaraq, qurultay keçirdilər.

Bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb. Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev Zəfər Qurultayındakı çıxışında vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır: “Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.