YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlıların ilk böyük görüşü Şuşada reallaşdı

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ümummilli lider Heydər Əliyevin 30 il bundan əvvəl söylədiyi fikirlər bu gün reallığa çevrilir. Ulu öndər  deyirdi ki, biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq. Dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, həmçinin gələcək nəsillərə, Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirən siyasi və mənəvi varislərə olan böyük inamın təntənəsi kimi dəyərləndirmək olar.

Məlum olduğu kimi, aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir.

Azərbaycanlılarının ilk böyük görüşü Şuşada reallaşdı. Zəfər Qurultayı  65 ölkədən 400-dən soydaşımızı Şuşada topladı. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Dünya Azərbaycanlıları bir daha nümayiş etdirdilər ki, dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlıdırlar. Müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya Azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

V qurultayın digər qurultaylardan fərqli cəhəti odur ki, bu qurultay mənəviyyat, mədəniyyət beşiyimiz olan Şuşamızda, 30 ildən artıq işğal altında qalan və sonradan azad edilən Qarabağımızda keçirilir. Yəni bundan əvvəlki qurultayların bu qurultaydan fərqi ondan ibarət idi ki, həmin qurultaylar Bakıda keçirilirdi və torpaqlarımız işğaldan azad edilməmişdi. Amma indiki qurultay dünya azərbaycanlılarının məhz işğaldan azad edilmiş Şuşa şəhərində, eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində təşkil olunub.

Ölkə başçısı İlham Əliyevin çıxışında biz  həm bölgəyə, həm də dünyaya verdiyi mesajların şahidi olduq. Dünya bir daha anladı ki, Azərbaycanın hər bir vətəndaşı həmrəydir, dövlətinin, prezidentinin yanındadır.

Azərbaycan Prezidentinin nitqində erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etdiyi, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş işlər görüldüyünü, Şuşada keçirilən Qurultayın böyük tarixi mənası olduğunu və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb, həmçinin Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq edib. Bu xəbərdarlıq, sülh müqaviləsi imzalanmasının Ermənistan üçün son şans olduğunu vurğulayan dövlətimizin başçısı  bildirib ki, “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Prezident cənab İlham Əliyev qurultayın açılışındakı çıxışında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoydu. Dövlət Başçımız qurultayda öz nitqində bir çox ciddi məsələlərə toxundu və dünya Azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı.

Cənab İlham Əliyev qeyd etdi ki, yeni reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan Azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə daha böyük məsuliyətlər düşür. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Onlar yaşadıqları ölkələrin ictimaiyyətini daha ətraflı maarifləndirmək imkanına malikdirlər. Qarşıya qoyulan əsas hədəf də tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır.