YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Azərbaycannın həm mədəniyyət, həm də milli birlik paytaxtıdır

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi bu şəhərin ümummilli birləşdirici məkan və rəmzi kimi yerini daha da möhkəmləndirdi. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

Qurultayda Prezident İlham Əliyev öz çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.

Bu mötəbər tədbirin Şuşa şəhərində keçirilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər əlbəttə ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.

Postmüharibə dövründə Prezident İlham Əliyev diplomatiyasının ən parlaq nəticələrindən biri də məhz aparıcı beynəlxalq təşkilatların Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməsidir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir, BMT Şuşada beynəlxalq tədbir keçirdi, qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul ediblər və 3+3 formatda əməkdaşlıq formatı yaranıb. Dünyanın aparıcı ölkələrinin rəhbərlərinin açıqlamaları və məsələ münasibətləri onu göstərir ki, onlar yeni geosiyasi reallığı qəbul edir. Müharibə bitdikdən sonra Prezident İlham Əliyev müxtəlif tribunalardan Ermənistana sülh çağırışları edib. Bu dəfə Şuşada da bu məsələ xüsusi vurğulandı. Ermənistan artıq 5 baza prinsip şərtini qəbul etdiyini bəyan edib. Ermənistan rəhbərliyi rəsmən etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.

Bu gün Azərbaycan Qarabağda dünya şəhərsalma təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir. Bu onun göstəricisidir ki, Qarabağ Azərbaycan xalqının dədə-baba yurdudur. 30 il ərzində “Qarabağ bizimdir” deyib hayqıran ermənilər burada ancaq vandalizmlə məşğul olmuşlar. Bu gün isə artıq Azərbaycan xalqı bu torpaqlarının əsil sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş eydirir və bir daha özünün yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalq olduğunu hər kəsə sübut edir.