YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmanın inkişafı sağlam, güclü və vətənpərvər gənc nəslin yetişməsinə səbəb olur

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini aprelin 8-də qəbul etməsi güləşçilərimizin fəaliyyətinə, ümumilikdə isə Azərbaycan idmanına verilən yüksək dəyərin göstəricisidir. Görüş zamanı güləşçilərimizin uğurlarından geniş söz açan cənab İlham Əliyev Budapeştdə keçirilmiş Avropa çempionatında idmançılarımız xalqımızı bir daha sevindirərək, 16 medal qazanaraq böyük qələbə ilə Vətənə qayıtdıqlarını qeyd edib. Bununla da idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmış oldular. Bu çempionatda Azərbaycan həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə Avropada birinci oldu ki, istənilən idman növündə Avropada birinci olmaq böyük uğur hesab edilə bilər.

Cənab Prezidentin güləşçilərlə bu görüşü idman ictimaiyyətinə verilən yüksək qiymət olmaqla bərabər bütün idmançılar qarşısında yeni vəzifələr də müəyyənləşdirir. Cənab Prezidentin “İdmançılarımız yarışlara çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər”, fikirləri hər bir idmançı üçün daha əzmkar olmaq, növbəti qələbələr uğrunda yorulmadan çalışmaq məsuliyyətini yaradır. Azərbaycanda idman dövlət siyasətidir və bu siyasət nəticəsində artıq ölkəmiz dünyada idman ölkəsi olaraq tanınır. İdmana və idmançılara dövlət tərəfindən, xüsusən də ölkə başçısı tərəfindən göstərilən diqqət-qayğı nəticəsində davamlı uğurlar əldə edilir və əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. İdmanın inkişafı ölkədə sağlam və güclü, eyni zamanda vətənpərvər gənc nəslin yetişməsinə səbəb olur. İdman uğurlarımızla yanaşı gənclərdə vətənpərvərliyi gücləndirən mühüm amillərdən biri də tarixi-hərbi Zəfərimizdir. Cənab Prezident bildirdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalı, milli dəyərlər əsasında tərbiyə olunmalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

Bu gün hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir. Aparılan müstəqil siyasət nəticəsində ölkəmiz  istər döyüş meydanlarında, istərsə də siyasi arenalarda qələbələr qazanır. İdman sahəsində də qazanılan uğur və qələbələrin davamlı olması üçün idmançılarımız bundan sonra da var-gücləri ilə çalışmalı, ölkəmizi ləyaqətlə təmsil etməlidirlər. Güləşçilərlə görüş zamanı cənab Prezident iki il sonra keçiriləcək Paris Yay Olimpiya Oyunlarına diqqət çəkərək bu oyunlarda Azərbaycanın daha çox uğurlar qazana bilməsi üçün öz tapşırıq və tövsiyələrini verdi. Bütün bunlardan əlavə cənab Prezident güləşçilər, eyni zamanda bütün ölkə idmançılarının diqqətinə çatdırdı ki, hər zaman ləyaqətli olsunlar və heç zaman ədaləti oyun anlayışını unutmasınlar. Bir halda ki, Azərbaycan xalqı ləyaqətli, ədalətli xalqdır və idmançılarımız da bu xalqı təmsil edirlər. Azərbaycan xalqı öz haqq işini, ərazi bütövlüyünü bərpa edərkən də ləyaqətli davrandı, ədalətli xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti də bu prinsipləri əsas tutaraq Ermənistanın təxribatlarına uymadı və düşmənin dinc insanlarımıza qarşı törətdiyi terror əməllərinə yalnız döyüş meydanında cavab verdi. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi  xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Düzdür, qələbə hər bir idmançı üçün çox önəmlidir. Lakin ləyaqət qələbədən daha önəmlidir. Məhz Azərbaycan idmançıları da həmişə bu prinsiplərə əməl etməlidir.