YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti müstəqil dövlətimizə yeni-yeni zəfərlər qazandıracaq

“Azərbaycanda keçirilən son prezident seçkilərindən dörd il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə cənab İlham Əliyev növbəti dəfə xalqın böyük dəstəyi ilə parlaq qələbə qazandı. Ötən müddət ərzində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Bu dövrdə hər bir sahə üzrə ölkəmiz möhtəşəm nailiyyətlər qazanıb. Bütövlükdə, son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb, ölkəmizin beynəlxalq müstəvidə yeri və rolu əhəmiyyətli dərəcədə artıb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail olub. Dövlətimizin başçısı 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qətiyyətlə bildirib ki, Azərbaycanın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək. Bu dövrdən etibarən ölkəmizdə islahatların yeni, dinamik mərhələsi başladı və bu islahatlar hər bir sahəni əhatə edir. İslahatların müsbət nəticələrini cəmiyyətimiz aydın şəkildə şahidi olmaqdadır. 2018-ci ildə keçirilmiş prezident seçkiləri həm də onu təsdiqlədi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən dairələrə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə bir da böyük etimad göstərməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Beynəlxalq müşahidə missiyalarının keçirilən bu seçkiyə müsbət rəy vermələri də sübut etdi ki, ölkəmizdə demokratiyanın davamlı inkişafı ilə bağlı siyasət reallaşdırılır.

Ölkəmizin beynəlxalq miqyasda uğurlarından bəhs edən deputatın sözlərinə görə, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər beynəlxalq təşkilatlar çərçivəsində də nailiyyətlərini şərtləndirir. Azərbaycan bir neçə ildir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Dövlətimizin başçısının siyasəti Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan sabitlik adasıdır, əməkdaşlıq məkanıdır. Bu düşünülmüş siyasət ölkəmizin regionda və beynəlxaql müstəvidə siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.

“Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixinə ərazi bütövlüyümüzü təmin etmiş lider kimi adını qızıl hərflərlə yazdırıb. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bu faktı bir daha təsdiq edir. Prezidentimizin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir.  Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda həyata keçirilən möhtəşəm işlər Böyük Qayıdışın tezliklə reallaşcağının müjdələridir. Eyni zamanda, Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu reallıqlar bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığa xidmət edir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti müstəqil dövlətimizə yeni-yeni zəfərlər qazandıracaq”,- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.