YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid Rasim Abdullayevin doğum günü münasibətilə tədbir keçirilib

Azərbaycanın Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş ən yüksəkrütbəli hərbi həkim, tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun anadan olmasının 47-ci ili münasibətilə Abşeron rayonunda abidə bulaq kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Mərasim iştirakçıları sonra Bakı-Şamaxı yolunun kənarında, yolun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən abidə bulaq kompleksinin istifadəyə verilməsində iştirak ediblər.

Bildirilib ki, şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədilə inşa edilən abidə bulaq kompleksi qara mərmərdən hazırlanıb, əraziyə su və kanalizasiya xətti çəkilib, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunub.

Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilib.

Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Rasim Abdullayev Prezidentin sərəncamlarına əsasən, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.