YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda “Breyn-rinq” intellektual bilik yarışı keçirilib

2 Fevral - “Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə 27 yanvar - 2 fevral tarixləri “Gənclər həftəsi” elan olunaraq, bununla bağlı bir sıra tədbirlərin təşkili planlaşdırılıb.

“Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı keçirilib.

12 komanda üzvlərinin qarşılaşdığı yarışın sonunda 83 Nömrəli məktəb-liseyin “Tarix Yazanlar” komandası birinci yerə, 102 nömrəli tam orta məktəbin “Uğur” komandası ikinci yerə, 299 nömrəli məktəb-liseyin “5 BUTA” komandası isə üçüncü yerə layiq görülüblər.

Yarışın mükafatlandırma tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşı Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli və “Arximed” Təlim və Tədris Kompleksinin rəhbəri Fəridə Babayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Namiq Tarverdiyev bildirib ki, “Azərbaycan Gəncləri Günü” gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım ataraq bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib”.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elnur Məmmədov bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşadığını söyləyib. Bildirib ki, Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan şərait və imkanlar bu sahəyə böyük diqqətin nəticəsidir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının məsul əməkdaşı Sevinc Abdullayeva ulu öndər Heydər Əliyevin gənclər siyasətindən, ardıcıl olaraq keçirilən gənclər forumlarının əhəmiyyətindən söz açıb.

Digər çıxış edənlər də ölkəmizdə böyük qüvvə olan gənclərin hazırda dövlətimizin və birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda qalib gələn komandalar diplomlarla təltif olunublar.