YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda 2 fevral Gənclər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə 2 Fevral Gənclər Gününə həsr olunan tədbir keçirib.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında baş tutan tədbirdə Mərkəzin direktoru Zülfüqar Əsgərov, YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nərminə Qədirova, həmçinin Mərkəzin müəllim və şagird heyəti iştirak edib.

Əvvəlcə 2 fevral Gənclər Gününə həsr olunmuş videoçarx təqdim edilib.

Daha sonra görüşdə iştirak edən gənclərin simasında bütün Azərbaycan gənclərini təbrik edən Zülfüqar Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib: “Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncləri də dövlət gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar. Buna əyani sübut olaraq, Vətən müharibəsində Azərbaycan gəncliyinin torpağa bağlılığı, yurd sevgisi, gücü, qüvvəsi, nəyə qadir olduqları açıq şəkildə nümayiş olundu. 44 günlük Vətən müharibəsi zamanı gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsi ilə Azərbaycan adı dünya tarixinə qızıl hərflərlə yazıldı”.

Nərminə Qədirova, Mərkəzin Təhsilalanlara İş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva və fəal gənc Teymur Əhmədov də çıxışlarında Heydər Əliyevin bütün fəaliyyəti dövründə ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Natiqlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri qüdrətli sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.

Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup fəal gəncə fəxri fərman və təşəkkürnamə təqdim olunub.