YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azadlığın mübarək, Qubadlı!

Elbrus Quliyev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

25 oktyabr Qubadlının düşmən tapdağından xilas edilməsi günü kimi şanlı tariximizə yazılıb

Azərbaycan dövləti və xalqı möhtəşəm qələbənin təntənəsini yaşamaqdadır. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda həmin gün böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrtədən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik.  Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahjdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir.

27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, diplomatik qabiliyyəti,  xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu.

Strateji əhəmiyyəti ilə seçilən Qubadlı rayonunun  işğaldan azad edilməsi isə 44 günlük müharibədə qələbə əldə olunması baxımından mühüm önəm kəsb edirdi. 25 oktyabrda şəhərin azad olunması ilə bağlı Azərbaycan xalqına bu müjdəli xəbəri də təbii ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev verdi. Həmin gün 27 illik işğaldan sonra Azərbaycan əsgəri Qubadlı şəhərində müqəddəs üçrəngli bayrağmızı dalğalandırdı və Ali Baş Komandan İlham Əliyevə bu barədə məruzə etdi. Prezidentdən xoş xəbəri eşidən və Qubadlıda qəhrəman əsgərlərimizin rəsmi məruzəsi ilə bağlı kadrları izləyən hər bir Azərbaycan sakini böyük sevinc və qürur hissi keçirdi.

Əlbəttə ki, Qubadlı şəhəri daxil olmaqla, uzun illər düşmən tapdağında olan rayonun digər yaşayış məntəqələri qəhrəman Azərbaycan övladlarının böyük şücaəti və əzmkarlığı sayəsində xilas edildi. Bu gün Qubadlının Vətən torpağına qovuşduğundan bir il keçəndən sonra uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, rayonun azad edilməsi üçün döyüşənlərin hər birinə minnətdarlıq bildirmək hamımızın borcudur.

Bu məqamda, doğma Qubadlı rayonunun strateji əhəmiyyətini vurğulamaq yerinə düşər. Hələ sovetlər dönəmində Azərbaycan rayonlaşdırılan zaman Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Zəngəzur dağları ilə Qarabağ silsiləsinin arasında yerləşir. Rayon ərazisindən Bərgüşad və Həkəri çayları axır. Zəngin yeraltı sərvətlərə, bənzərsiz təbiətə malik olan Qubadlı rayonunun Hacılı kəndində mişar daşı üçün yararlı tuf, Xanlıq kəndində tikintiyə yararlı gil, Eyvazlı kəndində əqiq ehtiyatları və Həkəri çayı sahilində yeraltı şirin su yataqları var idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

Bununla yanaşı, Qubadlı rayonu ərazisində mövcud olan qədim məbədlər, sığınacaqlar, qalalar, körpülər, türbələr, məscidlər və digər tarixi əhəmiyyət daşıyan abidələr erməni vandalizminə məruz qalıb. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 27 il əvvəl Ermənistan silahlı qüvvələrinin bütünlüklə işğal etdiyi Qubadlı rayonunun 42 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmağa məcbur qalmışdı.

Xatırladım ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnamədə Füzuli, Cəbrayıl və Qubadlı rayonları da daxil olmaqla, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması birmənalı şəkildə tələb olunurdu. Lakin öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunması üçün təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbir görülmürdü. Bu cəzasızlıqdan istifadə edən işğalçı Ermənistan daha da həddini aşır, yeni-yeni hərbi cinayətlərə rəvac verirdi. Buna görə də 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə zamanı Azərbaycan dövləti BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan irəli gələn addımları atdı. Beləliklə, BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsini təmin edən Azərbaycan tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib. Beləliklə, cənab Prezident Ümummilli liderimiz Heydər Əliyevin arzularını yerinə yetirdi.

Təsadüfi deyil ki, işğaldan azad olunduqdan sonra  Qubadlıya səfər edən cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlıya bağlılığı, doğmalığı, Zəngəzur mehribançılığı, mərdliyi, şücayəti və hörməti onların çöhrəsində hiss olunurdu.

Səfər  zamanı Ali Baş Komandan İlham Əliyev də təcavüzkar Ermənistan tərəfindən rayonda törədilən cinayətlərə diqqəti yönəldib. Belə ki, 23 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlıya səfər zamanı rayonun Xanlıq kəndinə baş çəkən zaman dövlət başçısı bu kənd uğrunda şiddətli döyüşlərin olduğunu xatırladıb, ermənilərin bu tarixi, qədim kəndimizdə beynəlxalq qanunlarla cinayət hesab edilən qanunsuz məskunlaşma apardıqlarını diqqətə çatdırıb. Prezidentin vurğuladığı kimi, düşmənin Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurması, qeyri-qanuni məskunlaşma aparması, xaricdən gətirilən ermənilərin burada qanunsuz olaraq yerləşdirməsi məhz hərbi cinayət hesab olunurdu. Çünki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Bu baxımdan xaricdən gətirilən ermənilərin qanunsuz şəkildə Qubadlıda məskunlaşdırılması özlüyündə hərbi cinayətdir. Bu və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verməlidir. Sözsüz ki, bu cinayətlərin hamısı sənədləşdirilir, müvafiq beynəlxalq qurumlara təqdim edilməkdədir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdükləri zaman Ali Baş Komandan doğma torpaqların çətin döyüş əməliyyatları ilə azad edilməsindən də danışıb: “Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Onu da vurğulamaq yerinə düşər ki, Qubadlıya səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərində Azərbaycan bayrağını ucaldıb və böyük şücaət göstərən hərbçilərimiz qarşısında çıxış edib. Şəhərdəki bütün evlərin dağıdıldığı halda, ermənilərin özləri üçün hərbi hissə inşa etməsini vurğulayan Prezident çıxışında bildirib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi: “Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Qubadlı rayonunun azad edilməsi uğrunda aparılan əməliyyatları xatırladan dövlət başçısı deyib ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamətimiz Qubadlı rayonu olub. Qubadlıda ermənilər güclü istehkam qursalar da, şəhərin ətrafındakı yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşsə də, hərbçilərimiz şəhəri bir neçə günə azad edə biliblər. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən atəş açılırdı. Düşmən hesab edirdi ki, bu imkanlardan istifadə edib,  hücumumuzun qarşısını ala bilərlər.

Bu məqamda xüsusi olaraq qeyd etmək gərəkdir ki, Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən əməliyyat idi. Azərbaycan Ordusu da peşəkarlıq, əzm nümayiş etdirərək ilk növbədə, şəhərə hakim olan strateji yüksəklikləri götürüb, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərini ələ keçirib. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.

Vətən müharibəsində qələbənin əldə olunması baxımından Qubadlı rayonunun və rayon mərkəzi Qubadlı şəhərinin azad edilməsi  Azərbaycan Ordusu üçün böyük strateji üstünlüyün təmin olunması demək idi. Belə ki, Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçirdi və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdi. Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndlərinin azad olunması və eyni zamanda, strateji yüksəkliklərin ələ keçirilməsi imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün. Beləliklə, Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra müharibənin taleyini həll edən Şuşa şəhəri də işğaldan azad olundu. Təbii ki, burada Ali Baş Komandan kimi cənab İlham Əliyevin müstəsna rolu var. Ona görə də, cənab İlham Əliyevin ömürlük Prezident seçilməsini, Azərbaycanın Milli Qəhrəmanı və Marşal hərbi rütbəsinin verilməsini təklif edirəm!

Beləliklə, 44 günlük qələbənin nəticəsi olaraq bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Lakin azad edilmiş torpaqlarda, o cümlədən Qubadlı rayonunda əksər yaşayış məntəqələri dağıdılıb. Qubadlıda bir neçə bina qalıb ki, orada da vaxtilə işğalçılar yaşayıblar. Bütün binalar, evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Buna görə də artıq işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı konkret addımlar atılır. Ölkəmizin işğaldan azad edilən digər rayonlarında olduğu kimi, Qubadlı rayonunda da qısa müddət ərzində lazım olan bütün bərpa işlərinin görülməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan vətəndaşlarının qısa müddətdə öz doğma yurdlarına qayıtması üçün lazımi addımlar atılır.

Bu gün bütün Qubadlı sakinləri həmin tarixi anları səbirsizliklə gözləyirlər. Onlar əmindirlər ki, dövlətimiz onların qayıdışı üçün ən yüksək səviyyədə tədbirlər görəcək və azad Qubadlının azad sakinləri doğma yurdlarında əbədi olaraq firəvan yaşayacaqlar! Zəngəzur mahalının Üçtəpə yaylağında, Salvartı dağında görüşmək arzusu ilə..!