YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında "30 illik münaqişə ocağı, erməni terrorunun acı nəticələri, məhv olmuş şəhərlərimiz və viran qalmış tarixi abidələr" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında "30 illik münaqişə ocağı, erməni terrorunun acı nəticələri, məhv olmuş şəhərlərimiz və viran qalmış tarixi abidələr" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 44 günlük Vətən müharibəsi bütün yüzilliklər boyu çoxəsrlik tariximizdə daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcək.

B. Nəbiyev qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu: “Bu sənəd Azərbaycanın qələbəsini təsdiq edib. 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahibinə qayıdıb.”

Daha sonra çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Qarabağın qədim Azərbaycan torpağı olduğunu bildirərək işğal altında olan zaman ermənilərin törətdiyi vəhşiliklərdən söz açıb: “Üçtərəfli bəyanata uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiklərini təsdiqləyən videoreportajlar təqdim olunan zaman “BBC”nin videoreportajında diqqət çəkən məqamlardan biri ermənilərin aparılması mümkün olan hər şeyi, hətta unitazı belə özləri ilə götürmələri, evləri tamamilə dağıtmaları, yandırmaları, ümumiyyətlə, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizi talan və qarət etmələridir. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il sonra o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi.”

YAP İdarə Heyətinin üzvü Bayram Aslanov öz növbəsində çıxış edərək bu gün qalib Azərbaycanın, eyni zamanda, qalib xalqımızın inkişafın yeni mərhələsini yaşadığını bildirib: “44 günlük Vətən müharibəsi göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Millətimizin ləyaqət rəmzi, özünütəsdiq imkanı olan ordumuz xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir və bütün bu ali ideyaları yalnız bir milli dəyər birləşdirir - Müstəqillik! İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Yeni yazılan tariximizdə artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunma tarixlərindən bəhs edəcəyik.”

Tədbirin yekununda iştirak edən tələbələrlə xatirə şəkli çəkdirilib.