YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi unikal təşəbbüslər kontekstində

Elman Nəsirov

Milli Məclisin deputatı,

YAP Təftiş Komissiyasının üzvü,

Siyasi elmlər doktoru, professor

Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev oktyabrın 11-də Belqrad şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış  hissəsinə sədrlik edərək videoformatda proqram xarakterli çıxış etmişdir. Dərin forma-məzmun mündəricəsi, analitik və sistemli təhlil üslubiyyəti və olduqca mühüm təkliflərin irəli sürüulməsi ilə seçilən nitqini dövlətimizin başçısı həm dünya səviyyəli lider, həm QH-nin sədri, həm də müzəffər sərkərdə olaraq beynəlxalq ictimaiyyətə ünvanlamışdır.  Cənab Prezidentin çıxışıda qaldırılan strateji əhmiyyətli məsələləri şərti olaraq 5 qrupa bölmək olar.

Birincici qrup məsələlər: QH-nın yaranması, onu şərtləndirən amillər, prinsipləri və fəaliyyət istiqamətləri. Çıxışının sözügedən təsnifat üzrə təhlili prosesində dövlətimizin başçısı vurğulamışdır ki, 1961-ci ildə yaradılmış QH ilk növbədə planetimizdə qlobal sülh, ədalət və həmrəyliyin təmin edilməsi prosesinə ciddi töhfə vermək niyyətindən qaynaqlanaraq formalaşmışdır, beynəlxalq koordinatlar sistemində böyük siyasi şəkiyə və etimada malikdir. Öz sıralarında fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirən QH suverenlik, ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, daxili işlərə qarışmama kimi beynəlxalq hüququ normalarını özündə ehtiva edən Banduq prinsiplərinə sadiqdir.

İkinci qrup məsələlər: Azərbaycan Respublikasının QH-nın üzvü seçilməsindən ta onun sədri statusuna yükslənədək keçilən yolun qiymətləndirilməsi.

Prezident İlham Əliyevin sözügedən mötəbər beynəlxalq tədbirdə toxunduğu digər vacib məsələ Azərbaycan Respublikasının sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək mənafeyindən şıxış edərək QH-ya qoşulmaq qərarı ilə bağlı oldu. Cənab Prezident vurğuladı ki, qısa müddət ərzində Azərbaycan öz səmərəli və uğurlu fəaliyyəti ilə QH-ya üzv dövlətlərin hörmət və etimadını qazana bildi. Nəticə özünü çox gözlətmədi. 2016-cı ildə QH liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün dünyanın BMT Baş Assambleyasından sonra üzvlərinin sayına görə ikinci yerdə dayanan nəhəng beynəlxalq təşkilatının sədri seçildi. 2019-cu il 25-26 oktyabr tarixində QH dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən Zirvə Toplantısında Azərbaycan quruma sədrliyi üzərinə götürdü və fəaliyyətini tarixi Banduq prinsipləri əsasında həyata keçirəcəyini bir daha bəyan etdi.

Üçüncü qrup məsələlər: Azərbaycan Respublikasının QH-nin sədri olaraq qlobal təhdid mənbəyi olan COVİD-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi istiqamətində atdığı  l addımlar.

Bu, bir həqiqətdir ki, Azərbaycanın QH-ya sədrlik dövrü bir çox beynəlxalq ekspertlərin doğurduğu fəlakətlərin miqyası baxımından  “3-cü dünya müharibəsi” adlandırdıqları COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf edir. Bu olduqca mürəkkəb vəziyyət QH-nin sədri olaraq Azərbaycanın qarşısında ölçüyəgəlməz çətin vəzifələr qoymuş oldu. Qlobal siyasi baxışa malik, çətinlikləri stimula çevirməyi bacaran Prezident İlham Əliyevin formalaşmış mürəkkəb situasiya reallığında atdığı çevik və unukal addımlar pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət göstərməklə planetar əhəmiyyət kəsb etmişdir.

Cənab Prezident  çıxışındayuxarıda qeyd olunan reallıqların işığında pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın oynadığı mühüm rola diqqəti cəlb etmişdir.

Bir qədər də konkretləşdirsək, 2020-ci ilin may ayında QH-ya üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Bakı Zirvə Toplantısında dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unukal təşəbbüslə-BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Bu təşəbbüsü BMT Baş Assambleyasının 2020-ci ilin dekabrın 3-də keçirilən Xüsusi Sessiyasında 150-dən artıq ölkə dəstəklədi.

Bundan savayı, sözügedən Bakı Zirvə Toplantısında cənab İlham Əliyevin qeyd etdiyi kimi, QH-ya üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən  məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizədə QH-ya üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından etibarlı mənbə kimi istifadə edir.

Eyni zamanda dövlətimizin başçısı mötəbər yubiley tədbirində vurğuladı ki,  Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianəsi ayırmış, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bundan savayı, təmənnasız olaraq 4 ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Cənab  İlham Əliyev çıxışında pandemiya ilə mübarizə prosesinə ciddi əngəl olan daha bir vacib məsələyə-“peyvənd millətçiliyınə” diqqəti cəlb etmişdir: “ Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.”

Onu da qeyd edək ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilmişdir

Dövlətimizn başçısı vurğulamışdır ki, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsi irəli sürməyi planlaşdırır.

Dördüncü qrup məsələlər: beynəlxalq siyasətdə ikili standartlar və selektiv yanaşma, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və cazasızlıq sindromu.

Prezident İlham Əliyevin QH-nin Yüksəsk Səviyyəli Toplantısında çıxışında səsləndirdiyi yuxarıda qeyd olunan məsələlər ilk növbədə beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmaları özündə ehtiva edir. Məsələyə bu prizmadan yanaşan dövlətimizin başçısı təkzibedilməz faktlara və arqumentlərə istinad edərək Ermənistanın məhz beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edərək  30 il ərzində torpaqlarımızın 20%-ni işğal altında saxladığını vurğulamışdır. Cənab Prezident QH-nin dövlət və hökumət başçılarına xitabən bildirmişdir ki, işğal dövründə Ermənistan öz ərazisində və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirmiş, Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmiş, yüzlərlə mülki şəxs, o cümlədən 106 qadın və 63 usaq qətlə yetirilmişdir. İşğal altında olan torpaqlarımız qanunsuz məskunlaşma, təbii sərvətlərin qeyri-qanunu istismarı, mədəni və dini irsimizin məhv edilməsi siyasətinə məruz qalmışdır. 1 milyondan artıq soydaşımızın hüquqlarını total şəkildə pozularaq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir.

Cənab  Prezident xüsusi olaraq qeyd etmişdir ki, BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulsa da, rəsmi İrəvan buna məhəl qoymamışdır. Bu davranışının qarşılığında Ermənistanın heç bir beynəlxalq sanksiyaya məruz qalmaması işğalçıda arxayınçılıq sindromu formalaşdırmışdır. Nəticədə beynəlxalq cəzasızlıq rejimindən şirniklənən Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkəmizi “yeni ərazi uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdır.

Dövlətimizin başçısı Ermənistanın militarist siyasətinin pik nöqtəsi olaraq ötən ilin 27 sentyabrında  Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını rəhbəri olduğu mötəbər qurumun liderlərinin nəzərinə çatdırmışdır. Cənab Prezident vurğulamışdır ki, formalaşmış şəraitdə Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirərək, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişdir. Ermənistan ötən ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza atmışdır. Azərbaycan BMT TŞ-nın təxminən 30 il ərzində icra olunmayan qətnamələrini işlək vəziyyətə gətirmişdir.

Dövlətimizin başçısı qeyd edilən məsələlər kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə QH-nin üzv dövlətlərinə də öz təşəkkürünü ifadə etmişdir. Cənab İlham Əliyev  Vətən müharibəsi zamanı BMT TŞ-nın qeyri-daimi üzvləri olan QH-nın 7 ölkəsinin qurumun 4 məlum qətnaməsinə istinadın olmadığı birtərəfli mətbuat açıqlanmasının qarşısını aldıqlarına görə xüsusi minnətdarlığını bildirmişdir.

Eyni minnətdarlıq hissi ilə Prezident İlham Əliyev qeyd etmişdir ki, QH-ya üzv dövlətlər Azərbaycanın təşkilat çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək sədrlik müddətinin daha bir il-2023-cü ilin sonunadək uzadılması ilə bağlı yekdil qərar qəbul etmişlər.

Beşinci qrup məsələlər: QH-nin postpandemiya dövrü fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi mənafeyinə xidmət edən təkliflər

Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsləri bir daha belə bir həqiqəti təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də  böyük dövlət olmasa da, lakin sözünün mənası və çəkisi böyükdür. Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həledici amil onun liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin dövrdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətllər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobaı pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sesiyasını cağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu unikal təşəbbüslə məhz Azərbaycan Respublikasının Prezidenti, QH-nin sədri İlham Əliyev çıxış etdi.

İnnovativ düşüncə tərzi, dərin zəka və iti fəhmə malik Prezident İlham Əliyev QH-nin yubiley tədbiri şərçivəsində qurumun sədri olaraq daha 3 mühüm təkliflə çıxış etdi.

Birincisi, post COVİD-19 dövrü üçün QH-nin mövqeyinin formalaşdırılması məqsədilə quruma üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi;

İkincisi, BMT-nin COVİD-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması. Bu təklifin QH tərəfindən təşviq edilməsi.

Üçüncüsü, QH-yə üzv dövlətlər arasında təsisatlanma ideyası.

Dövlətimizn rəhbəri sonuncu təklifi xüsusunda vurğuladı ki, Azərbaycan  QH-ya üzv dövlətlərin parlamentləri arasında  əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bundan savayı, Azərbaycan sədr kimi QH-nin Gənclər Şəbəkəsinin təsis iclasını keçirmişdir.

Sonda xüsusi olaraq qeyd edək ki, yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar  xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Həqiqət ondan ibarətdir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar.

Digər həqiqət isə onunla bağlıdır ki, bugünkü dünyamızda qlobal lider kəsirinin mövcudluğu reallığında Müzəffər Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməlkə həm Azərbaycanın simvoluna şevrilmişdir, həm də beynəlxalq aləmdə haqq və ədalətin çarçısı olaraq qlobal lider statusuna yüksəlmişdir. Bu gün Prezident İlham Əliyevin ən qatı əleyhdarları belə bu danılmaz həqiqəti etiraf etmək məcburiyyətindədirlər.