YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq

Müharibə ilə bağlı təhlillər bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi?

Bu barədə Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində çıxışı zamanı danışıb.

Dövlətimizin başçısı deyib ki, bu ordunu yaradan Serjik Sarkisyandır, biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik: “Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura”.

Prezident qeyd edib ki, bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. “O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər”, - deyə Prezident İlham Əliyev bildirib.