YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan postmüharibə dövrünə çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olub

“Azərbaycan dövləti tərəfindən uğurlu sosial siyasət həyata keçirilir. Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin, veteranlarının  sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli də sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan postmüharibə dövrünə çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olub. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə edir. Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib.

Millət vəkilinin sözlərinə görə, şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9200-dən çox mənzil və fərdi ev verilib: “Təkcə  2020-ci ildə bu kateqoriyadan olan insanlara 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı ilə bu il ərzində isə 3 min mənzil və fərdi ev veriləcək. Hazırda keçmiş köçkünlər üçün inşa olunan mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 5 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim ediləcək. Həmçinin ötən dövrdə müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib”.