Xəbərlər
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir.
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzvü ilə görüşündə deyib. /Trend/
Ə.Əhmədovun sözlərinə görə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir:
"Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə-Azərbaycan dostluğunun əsası Heydər Əliyev zamanında qoyulub".
Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib:
"Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq".
Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb.
O bildirib ki, yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir.
Ə.Əhmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir.