YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında nəqliyyat qurumlarının üzərinə böyük missiya düşür

“Azərbaycan Dəmir Yolları” QSC-də Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

C.Qurbanov qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsində ölkənin nəqliyyat qurumlarının, o cümlədən dəmir yolu nəqliyyatının üzərinə böyük missiya düşür. O, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və xüsusilə də ötən ilin oktyabrında açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə də ətraflı danışıb. Qeyd edilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri də həmçinin bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək. Artıq ilk yük qatarları bu marşrutla yola salınıb.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.