YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Azərbaycanda 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək

Dekabrın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Xəzər Universitetində “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təşkil edib.

Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsində, insan kapitalının inkişafında Strateji Yol xəritələrinin rolu böyükdür. Onun sözlərinə görə, Xəzər Universitetində bu mövzuda mühazirənin təşkil olunması, ölkədə aparılan islahat prosesi barədə ətraflı məlumatların təqdim edilməsi, gənclərin maariflənməsi baxımından əhəmiyyətlidir.

Xəzər Universitetinin rektoru Hassan Niknafs bildirib ki, universitetin tələbələri beynəlxalq proqram və layihələrdə fəal iştirak edir. Bu səbəbdən də ölkədə aparılan islahatların onlara düzgün təqdim olunması Azərbaycanın müsbət imicinin formalaşmasına öz təsirini göstərir.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müəllim–professor, eləcə də tələbə heyətinə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə təqdim edib.

Vüsal Qasımlı qeyd edib ki, tədris ili başlayandan bəri Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın universitetdə belə görüşlər keçirilib. Bu görüşlərin hər birində iştirakçıların marağının və müsbət rəyinin şahidi olub: “Dördüncü sənaye inqilabı şəraitində big data, əşyaların interneti, 3D printer, kvant hesablamaları, həmçinin bio, nano və koqnitiv texnologiyalar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu çağırışlara cavab vermək üçün Prezident İlham Əliyev qeyd etdiyi kimi insan kapitalını inkişaf etdirir, infrastrukturu yaxşılaşdırır və islahatları davam etdirir. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu dövlət başçısının rəhbərliyi ilə aparılan yeni nəsil islahatların müsbət nəticələr verdiyini qeyd edirlər. Bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Beləliklə, 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək”.

İctimai mühazirədə 200 dən artıq professor-müəllim və tələbə heyəti iştirak edib. Mühazirədən sonra universitetin müxtəlif kafedralarını təmsil edən professor-müəllim heyətinin sualları cavablandırılıb.