YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda "İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi çərçivəsində təqdim olunmuş işlərin sərgisi təşkil olunub

Oktyabrın 8-də Bakı şəhərində Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi çərçivəsində təqdim olunmuş işlərin sərgisi təşkil olunub.

Müsabiqənin əsas məqsədi - memarlığın inkişafı və həyata keçirilməsi üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, Bakıda keçirilən müsabiqəyə yüksək səviyyəli mütəxəssislər toplaşıb. Hazırda müsabiqəyə dünyanın 37 ölkəsindən 300-dən artıq layihə təqdim olunub. Bu həm də Azərbaycan memarları üçün çox faydalıdır. Eləcə də respublikanın beynəlxalq nüfuzunun göstəricisidir.

E.Qasımzadə həmçinin Prezident İlham Əliyevin memarlığa və şəhərsalma məsələlərinə çox böyük diqqət yetirdiyini nəzərə çatdırıb. “Bunun nəticəsidir ki, memarlarımız belə müsabiqələrdə ən yaxşı layihələrini təqdim edir. Bu baxımdan memarlarımızın müsabiqədə yüksək mükafatlara layiq görüləcəyinə ümidvarıq”, - deyə Azərbaycan Memarlar İttifaqının sədri vurğulayıb.

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, ötən il Azərbaycanda keçirilən bu müsabiqə bir çox ölkələrdə böyük əks-səda doğurub. Onun sözlərinə görə, həmin müsabiqədə iştirak edən bəzi layihələr artıq həyatda öz yerini tapıb. “Düşünürəm ki, bu gün də belə olacaq. Çünki burada təqdim olunan nominasiyalar müxtəlifliyi ilə seçilir. Bu da Azərbaycan memarlarının işlərinin beynəlxalq səviyyədə tanınmasına şərait yaradır”, - deyə Ə.Qarayev bildirib.

Son illər Azərbaycanda memarlıq sahəsində görülən işlərin təqdirəlayiq olduğunu vurğulayan nazir deyib ki, Azərbaycanda qədim memarlıq abidələrinin qorunması və bərpası ilə yanaşı müasir memarlıq nümunələri də göz önündədir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin dövründə Azərbaycanda inşa olunmuş binalar bu gün tamamilə yeni sima alaraq, Bakının memarlıq mənzərəsinə çox uyğundur. Bu o deməkdir ki, son illərdə inşa olunan binalar illər keçdikcə, öz aktuallığını itirməyəcək.

Müsabiqə “ictimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “həyata keçirilmiş ən yaxşı interyer”, “həyata keçirilməmiş ən yaxşı layihə”, “binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyalarında keçirilir.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbərləri, eləcə də MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri iştirak ediblər. Mükafat fondu 52 min 500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da elan ediləcək.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də “Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsinin münsiflər heyətinin sədri Tomas Voiner rəhbərlik edir.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə müsabiqənin münsiflər heyətinin üzvlərini təşkil edəcək.

Müsabiqənin yekununda isə təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.