YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Ermənistan AŞPA-nın qərarlarına hörmətizlik edir

«Ermənistan AŞPA-nın qərarlarına hörmətizlik edir və çox ciddi iki problem üzrə tədqiqat aparan iki məruzəçinin ölkəyə gələrək zəruri işlərini görməsinə, müzakirələr, danışıqlar aparmasına imkan yaratmayıb. Xanım Milisa Markoviç “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Robert Volter “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzələr üzərində işlərini artıq yekunlaşdıraraq hesabatlarını təqdim etməlidirlər. Lakin Ermənistan inadla onların ölkəyə gəlməsinin qarşısını alıb, bir çox sorğularını cavabsız qoyub». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın payız sessiyası zamanı çıxışında deyib.

 R.Hüseynov bildirib ki, bu, elə narahatedici bir presedentdir ki, sabah başqa üzv ölkələrə də son dərəcə pis nümunəyə çevrilə bilər. Onun sözlərinə görə, elə bu tərzdə başqa üzv ölkə də ona sərf etməyən mövzuda araşdırmalar aparmaq istəyən Avropa Şurası məruzəçisini qəbul eləməkdən imtina edər və bunu da belə əsaslandırar ki, siz niyə eyni tələbləri bu günahı bizdən əvvəl və ikiqat həcmdə işlətmiş Ermənistana tətbiq etməmisiniz? Belə deyər və haqlı olar, çünki bu məntiqin qarşısında bu gün Avropa Şurası acizdir.

«Axı ikili standartların nəticələri ortadadır! Həm də təəccüb doğuran başqa bir məqam da ondan ibarətdir ki, niyə Ermənistana görə Büro hətta ən mühüm prinsip və qaydalarına belə dönük çıxır? Hansı sirli səbəblərə görə iki məruzəçini rədd edən, beləliklə də həm Büroya, həm də bütövlükdə Avropa Şurasına bu qədər saymazyana, təhqiramiz münasibət bəsləyən Ermənistana belə nəvazişkar, belə qoruyucu münasibət bəslənir? Bu cür yanaşma ilə siz Avropa Şurasını gözdən, hörmətdən saldığınızı görmürsünüzmü?! Biz Büro və daimi komitənin hesabatlarında fəaliyyətimizdəki real və çox narahatedici belə məqamların da mütləq yer almış olmasını istərdik. Təəssüf ki, bu gün növbəti dəfə də bunu görmədik. Deməli, ikili standartlar, qeyri-obyektiv, ədalətsiz yanaşmalar iş üslubumuzda bir qədər də dərinləşəcək, başqa yeni fəsadlar doğuracaq»- deyə, R.Hüseynov vurğulayıb.