YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Azərbaycan artıq dünyada sayılıb seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb. Bunu ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir. Artıq bir neçə gündür ki, ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edir. Artıq ölkəmiz bu sahədə zəngin təcrübəyə malikdir.

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz əhəmiyyətliliyi və mühüm gündəmi ilə diqqətləri üzərinə cəlb edib. Bəli, belə mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib. Bu gün də ənənə qorunub saxlanılır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar. Bir məqama diqqət edək. Budəfəki Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Bu Forum çox mühüm və nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu fikir Prezident İlham Əliyevin forumdakı çıxışında da aydın şəkildə öz təsdiqini tapır. Çünki dövlətimizin başçısı da Forumdakı çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Prezident deyib: “Əfsuslar olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin əsl vətənpərvər insanlarıdır”.

Prezident İlham Əliyev Forumdakı çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. “Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən, dövlətimizin başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir. Dövlətimizin başçısı yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizə aparılmasının vacibliyini də qeyd edib. Fransanın dənizaşırı ərazilərində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatlarının Avropada olmayan ölkələrin daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır. Təəssüf ki, Avropa Parlamenti və AŞPA bununla bağlı hər hansı bir tədbir görmək istəmir. Bunun da əsas səbəbi yeni müstəmləkə tendensiyalarının hələ də davam etməsidir. Forumdakı çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini də xatırladıb. Bununla yanaşı, bu forum həm də dini liderlərin Şuşada görüş keçirmələri ilə yadda qalacaq: Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sülh və əmin-amanlıq üçün dialoqu prioritet hesab olunması, əslində Azərbaycanın bölgədə sülh və inkişafı dəstəkləyən şəffaf siyasətinin bariz göstəricisidir. Müharibədə qalib gələn Ali Baş Komandanın dilindən dialoqun önəminin vurğulanması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi.

DİGƏR Xəbərlər Arxiv