YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “H.Cavid pr.25” (Azərbaycan Texniki Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Texniki Universitetinin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər.

Qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan natiqlər bildiriblər ki, Ulu Öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi.