YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Azərbaycanı yox olmaqdan xilas etdi

Dünya xalqlarının tarixində elə günlər olur ki, həm gün bir millətin, dövlətin taleyini həll edir. Azərbaycan xalqının da taleyini dəyişən, gələcək həyatını müəyyənləşdirəcək həmin gün 15 iyun Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışı milli birliyimizdən doğan tarixi hadisə idi. Dövlətçiliyimizin, millətimizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olan Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazıldı. Bu gün sadəcə təqvim bayramı deyil, böyük siyasi yükü olan tarixi hadisədir. Bu fikirləri politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunmasında müstəsna rol oynayan Ulu öndər Heydər Əliyevin gəlişindən sonra xalqımız, dövlətimiz yox olmaqdan xilas oldu: “Milli azadlıqları uğurunda mübarizə aparan xalqlar kimi biz də dövlət quraraq onun mövcudluğunu qoruyub saxlamağa çalışdıq. Amma siyasi xərc-mərclik, xaos, Qarabağda başlayan müharibə və onun acı nəticələri bizi “var” və “yox” olmaq dilemması qarşısında qoydu. Təəssüf ki, siyasi rəhbərlikdə təmsil olunan bir qrup səriştəsizlərin cılız maraqları, qeyri-peşəkar idarəçiliyi bizi “yox” olmağa doğru aparırdı. Belə bir həssas dönəmdə xalqımız öz gələcək taleyi üçün xilaskar lider axtarışına çıxdı. Həmin fenomen şəxsiyyəti dövlət rəhbərliyinə gətirmək üçün bir qrup ziyalı Naxçıvana üz tutdu. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi olan Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və xalqı öz arxasınca apardı. Azərbaycanda milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu məhz Heydər Əliyev adı ilə bağlıdır.  Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizin maraqlarını hər şeydən üstün tutan, iqtisadiyyatımızın, mədəniyyətimizin, idmanın, səhiyyənin – bütün sahələrin inkişafında silinməz izlər qoyan, kadr potensialının hazırlanması üçün əlindən-gələni edən Ulu öndər hər zaman böyük məsuliyyətin, ağır yükün altına girərək dövlətçiliyimizi, xalqımızı qorudu.

Milli-mənəvi dəyərlərimizin qorunması,  azərbaycançılıq ideologiyasının sistemli hala salınması üçün böyük zəhmətlər çəkən Ulu öndər hələ birinci rəhbərliyi dövründə ölkəmizdə milli şüurun oyanışı istiqamətində xeyli işlər gördü. Azərbaycanın inkişafının başlanğıcı Ulu öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir”.

R.Alıyev onu da vurğuladı ki, Heydər Əliyev milli həmrəyliyi  Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevirməyi bacardı: “O, böyük siyasi düşüncə sahibi, strateq idi. Güclü azərbaycançılıq məfkurəsi gənclərimizin milli ruhda böyməsini şərtləndirdi. Torpaqlarımızın işğalı ilə heç zaman barışmayan, erməni işğalçılarının bizə yaşatdıqları faciələri unutmayan, düşmənə nifrət, vətənə sevgi hislərilə böyüyən gənclərimiz Ulu öndərin reallaşdırdığı milli ideologiya ilə yoğrulmuşdular. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu gücləndi, gənclərimiz vətənpərvərlik hissi ilə silahlandı, müdafiə olunan bir dövlətdən hücuma keçən, diktə edən bir dövlətə çevrildik.  Ölkəmizdə həyata keçirilən bütün sosial, iqtisadi, hərbi proqramlar,  milli, mənəvi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində görülən işlər sayəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı erməni işğalçılarından təmizlədi. Bu gün üçrəngli bayrağımız Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Bu, Ulu Öndərin ən böyük arzusu idi. Öz suverenliyinə qovuşan Azərbaycan önəmli söz sahibinə çevrilib. Zəfərimizin deoloji təməli Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətini, bir nömrəli missiyanı uğurla həyata keçirdi”.