YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəmizin növbəti rəmzi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Son dörd ilə yaxın dövr Azərbaycanın həyatında mühüm hadisələrlə yadda qalıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 18-də Xankəndi şəhərindən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən həmin hadisələrin xronologiyasını təqdim etdi. Dördüncü dəfədir ki, cənab İlham Əliyev Novruz tonqalını Qarabağ torpağında qalayır. “Buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq” söyləyən dövlətimizin başçısı onu da vurğuladı ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.  Azərbaycan dövləti bunu ən yüksək tribunalardan bəyan etdi. Ermənistanın üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini üç ildən artıq  dövrdə yerinə yetirmək barədə düşünməməsi, yalnız təxribatları ilə diqqətdə olması dünyanı narahat etmədi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycanın tarixi Zəfərimizdən sonra atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkəmiz Zəfərimizdən dərhal sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini təklif etdi. Qarşı tərəf bununla bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə həmin prinsipləri dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də əməldə fərqli yanaşma nümayiş etdirir. Açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Törətdiyi təxribatlar, həmçinin “humanitar böhran” adı altında məqsədli planını həyata keçirmək istəyi də bunun bariz nümunəsidir.

44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, lokal antiterror tədbirlərinin də uğurla başa çatdırılması üçün Azərbaycan Ordusu peşəkarlıq, yüksəh döyüş təcrübəsi nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev Novruz təbrikində bir daha diqqəti tarixi Zəfərimizə, lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına yönəldərək bildirdi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün  bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq  artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Con üç ildən artıq dövrün mühüm reallıqlarından biri də işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Azərbaycan bu torpaqlarda görülən  işlərlə şəhərsalmanın müasir təcrübəsini təqdim edir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində görülən işlər müasir dövrün tələblərini özündə əks etdirir. Füzuli və Laçın şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin ardınca bu il Kəlbəcər, Cəbrayıl, Şuşa, Xankəndi və Xocalı da sakinlərinə qovuşacaq. Bu torpaqlarda yeni həyat başlayacaq. Malik olduqları iqtisadi potensialdan səmərəli istifadə nəticəsində Azərbaycanın dayanıqlı inkişafına töhfələr verəcəklər. Cənab İlham Əliyevin Novruz təbrikində böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq: «Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.”