YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı uğurlu inkişafa aparan yol

Yeni Azərbaycan Partiyasının (YAP) Şəki rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə partiyamızın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək rayon təşkilatının təsis olunmasından, ötən 31 illik fəaliyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin böyük qətiyyət, siyasi iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdiyini, yeni, müasir Azərbaycanı qurduğunu və inkişafına nail olduğunu diqqətə çatdıran Daşqın Mikayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 31 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərərək çox mühüm nailiyyətlər əldə edilib. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideyaları ilə silahlanmış müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt sabahlara doğru uğurla addımlamaqdadır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yeni Azərbaycan Partiyasının  ölkəmizin hər bir uğurunda payı olduğunu bildirərək, böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib Prezidentimiz cənab İlham Əliyevdir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik.  Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Partiya veteranı Kamil Məmmədov partiyamızın ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbə qazandığını, bu qələbələrin xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişi olduğunu deyib. 

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamə, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.