YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün dünya üçün faydalı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışlarda səsləndirilən çağırışlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın hazırda yeni əməkdaşlıq formatlarının yaradılmasında, mühüm layihələrin gündəmə gətirilməsində və uğurlu icrasında roluna işıq salır. Albaniyanın Baş naziri Edi Raman çıxışında bildirdi ki, keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır. Baş nazir, həmçinin Azərbaycanın bu il COP29-a ev sahibliyinə də diqqəti yönəldərək vurğuladı ki, bu, böyük göstəricidir. Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - yaşıl enerjiyə keçid necə real və bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan və bu tədbirə ev sahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson isə qeyd etdi ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir.

Bu mühüm məqam da toplantıda tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağı diqqətdən kənarda qalmır. Nazirlərin bu toplantısında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır.

Göründüyü kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir. Cənab İlham Əliyevin sözügedən toplantıda qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.

Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da deyilənlərin təsdiqidir. Böyüklüyündən, kiçikliyindən asılı olmaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran və bu əməkdaşlığı zaman-zaman müxtəlif istiqamətlər üzrə inkişaf etdirən Azərbaycan reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki toplantısında Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olmuşdu. Bu il keçirilən 2-ci iclas mühüm çağırışlarla yadda qaldı. Onların icrası üçün birgə səylərin göstərilməsi vacib amil kimi önə çəkildi. Azərbaycan bərpaolunan enerji sahəsində də zəngin potensiala malikdir. Bu, beynəlxalq səviyyədə də təsdiqlənir. Qeyd edək ki, builki toplantı çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalandı.

Dövlət başçısı İlham Əliyev toplantı çərçivəsində “Euronews” televiziyasına müsahibəsində Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından, artıq arzu deyil, reallıq olmasından, Azərbaycanın yaşıl enerji gündəliyindən geniş bəhs edərək bu reallığı diqqətə çatdırdı ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.